Kemerovoda tramvayın toqquşması nəticəsində xəsarət alan sərnişinlərdən biri ölüb.
Bu barədə Kemerovonun rəhbəri Dmitri Anisimov bildirib.
Onun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmçinin xəsarət alanların sayı artıb.
Rusiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində beşi uşaq olmaqla 90 nəfər xəsarət alıb, 78 nəfər xəstəxanaya yerləşdirilib.
Mənbə: RİA Novosti
Rusiyanın Kemerovo şəhərinin Loqovaya şosesində içərisində sərnişinləri olan iki tramvay toqquşub. Hadisə nəticəsində 67 nəfər xəsarət alıb.
Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən İlya Seredyuk özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilir.
"Onlardan üçünün vəziyyəti ağırdır - ikisi reanimasiyadadır, biri əməliyyat otağındadır, 10 nəfər isə ambulator müalicəyə göndərilib", - deyə o məlumat verib.
Seredyuk həmçinin bildirib ki, xəstəxanaya yerləşdirilənlərdən əlavə 10 nəfər təcili yardıma müraciət edib. Qəzanın nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb.
Baş verənlərlə əlaqədar Rusiya İstintaq Komitəsinin regional idarəsində "istehlakçıların həyatı və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi" maddəsi ilə cinayət işi açılıb.
Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
Mənbə: "BAZA" "Telegram" kanalı