Xerson vilayətinin Kaxovka rayonu səmasında F-16 qırıcıları görüntülənib.
Bu barədə Oxu.Az Rusiyanın nəzarətində olan Kaxovka rayonun bələdiyyə dairəsi administrasiyasının rəhbəri Pavel Filipçukun öz "Telegram" kanalında videomüraciətinə istinadən xəbər verir.
"Hörmətli kaxovkalılar, dünəndən bəri bizim bölgə üzərində F-16-lar (qırıcılar) uçur. Bunlar təşviş yaratmaq, qələbəyə olan inamımızı boğmaq üçün edilir. Onların xidmət müddəti ağcaqanad ömrü qədərdir, hamısı vurulacaq və məhv ediləcək", - deyə o, bildirib.
Pavel Filipçuk həmçinin qeyd edib ki, müşahidə olunan F-16-lar tezliklə Moskvanın Poklonnaya təpəsində ələ keçirilən texnikanın nümayiş etdirildiyi eksponatlar siyahısına qoşulacaq.
Qeyd edək ki, F-16 qırıcılarından Rusiya-Ukrayna müharibəsində ilk dəfə istifadə olunub.
Xatırladaq ki, avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Qərb müttəfiqlərindən F-16 qırıcılarının ilk partiyasını aldığını təsdiqləyib. Lakin o, dəqiq neçə təyyarənin təhvil verildiyini və onların harada yerləşəcəklərini açıqlamayıb.
Rəylər