Ukraynanın Lvov şəhərində güllələnən Ali Radanın keçmiş deputatı İrina Farionun qətlində şübhəli bilinən 18 yaşlı gənc Dneprdə saxlanılıb.
Oxu.Az "Strana"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin sosial şəbəkə hesabında məlumat verilib:
"İndicə Ukraynanın daxili işlər naziri İqor Klimenko mənə İrina Farionun qətlində şübhəli bilinən şəxsin Dneprdə saxlanılması barədə məlumat verdi".
O, cinayətkarın tutulması əməliyyatını çətin adlandırıb və qeyd edib ki, bu əməliyyatda yüzlərlə hüquq-mühafizə orqanı nümayəndəsi iştirak edib.
"18 yaşlı oğlan saxlanılıb. Zəruri istintaq hərəkətləri və ekspertizalar davam etdirilir", - deyə Zelenski bildirib.
Xatırladaq ki, iyulun 19-da Ali Radanın keçmiş deputatına sui-qəsd baş verib. Qadın evinin yaxınlığında gicgah nahiyəsindən güllə yarası alıb, həkimlər onu xilas edə bilməyiblər. Farionun qətlinə görə məsuliyyəti "National-Socialism/White Power" neonasist qrupu öz üzərinə götürüb.
Rəylər