Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçiriləcək "Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalında 300-dək idmançı çıxış edəcək.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağı ilə qatılan iştirakçılar mübarizə aparacaqlar.
Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri yarışa qatılacaqlar.
Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.
"Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi iyunun 29-da, saat 14:30-da başlayacaq.
Rəylər