“Yenidən Azərbaycan millisinin sükanı arxasına keçməyimin səbəbi gənc oyunçuları yetişdirmək və ölkə voleybolunu inkişaf etdirməkdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev deyib.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəzifəsini də icra edən mütəxəssis bundan sonra milli komandaya legioner oyunçuların cəlb olunmayacağını bildirib:
“Hazırda yığmada gəncləşdirmə siyasəti aparırıq. Bölgələrə gedərək istedadlı uşaqları seçirik. Azərbaycan millisində oynayan bəzi voleybolçuları 14-15 yaşları olarkən ölkəyə gətirmişdik. Onlar da legioner sayılmırlar. Çünki biz yetişdirmişik. Fiziki cəhətdən uyğun olduqları üçün həmin qızlarla yolumuza davam etdik. Yığmaya iki yeni oyunçu cəlb edə bilərik. Hər ikisi Azərbaycanda dünyaya gəlib. Özləri də buraya qayıtmaq istəyirlər. Ancaq indi bu məsələ ilə bağlı dəqiq informasiya verə bilmərəm”.
63 yaşlı çalışdırıcı yığmanın Qızıl Avropa Liqasındakı hədəflərini də açıqlayıb:
“Mümkün qədər çox qələbə qazanmaq istəyirik. Turnirə çox az vaxt qalıb. May ayının 17-də Xorvatiya seçməsi ilə ilk oyuna çıxacağıq. Ölkə xaricində çıxış edən oyunçuların millinin düşərgəsinə hansı formada qayıtmasından da çox şey asılı olacaq. Həmin oyunçular matça bir həftə qalmış milliyə qoşulacaqlar”.
Rəylər