"Məqsədim dünya rekordunu yeniləmək idi. Bunu bacara biləcəyimdən əmin idim. Güclü hazırlıq görürdüm".
Bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva Baku TV-yə müsahibəsində deyib.
İdmançı qeyd edib ki, ən çətin məsələ çempion olduqdan sonra titulu saxlamaqdır:
"Budəfəki məşqlərdə çox yorulurdum. Hər il məşqlərimi daha da gücləndirirəm. 100 metr məsafəyə qaçışda qızıl medal qazanmaq qismət oldu. 400 metr məsafəyə qaçışda isə gümüş medalın sahibi oldum. Yarışdan 3 həftə əvvəl məşqlərim yaxşı getmirdi. Bəzən özümə inanmırdım, fikirləşirdim ki, bəlkə, əvvəlki gücümdə deyiləm. Amma düşündüyümün əksi oldu".
İdmana uşaqlıqdan sevgisi olduğunu deyən paralimpiya çempionu ilk olaraq voleybol idman növü ilə məşğul olduğunu bildirib:
"Voleybola bir il getdim. Komanda şəklində oynamaq xoşuma gəlmirdi, əsəbiləşirdim. Həm də gözümdə zəiflik var idi, topu yaxşı görmürdüm. Müəllimim atama sürətli qaçdığımı və məni yüngül atletikaya yönəltməyi tövsiyə etdi".
Lamiyə Vəliyeva gələcək planları barəsində də danışıb:
"İslam Həmrəyliyi Oyunlarında iştirak etməyi çox istəyirəm. Ən böyük hədəfim isə Los-Anceles - 2028 Yay Paralimpiya Oyunları ilə bağlıdır".
Ətraflı süjetdə:
Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
Rəylər