İdmançıların çox kiçik yaşlarından baş vurduqları idman növlərindən biri də gimnastikadır. "Sağlam bədəndə sağlam ruh" konsepsiyasından əlavə, gimnastika elastikliyi, zərifliyi, çevikliyi və ciddi intizamı ehtiva edir.
Bugünkü müsahibimiz bədii gimnastika üzrə dəfələrlə yerli və beynəlxalq yarışların qalibi olmuş 11 yaşlı Sara Atakişiyevadır. Sara ilə bu idman növünə necə gəldiyi, hədəfləri və gözləntiləri ilə bağlı danışdıq. Həmin müsahibəni təqdim edirik:
- Gimnastika elə idman növüdür ki, gərək lap kiçik yaşlarından başlayasan. Özünüz seçmişiniz?
- Mən dörd yaşımda olarkən valideynlərim mənim bədii gimnastikaya uyğun olduğumu düşünərək məni bu idman növünə yazdırdılar.
- Peşman olmadınız?
- Gimnastika ilə məşğul olduqca gördüm ki, doğrudan, çox maraqlı idman növüdür. Beləliklə, gimnastika mənim həyat tərzimə çevrildi. Mən atamla anama hər zaman minnətdar olacağam. Bir idmançı üçün valideyn dəstəyi xüsusi önəm daşıyır. Həm məğlubiyyətləriniz zamanı sizi dəstəkləyən, sizə inanan və özünüzə inamınızı artıran, həm də qalibiyyətinizə ürəkdən sevinən və hər kiçik uğurunuzun çox dəyərli olduğunu hiss etdirən şəxslərin həyatınızda olması çox vacibdir. Buna görə valideynlərimə təşəkkür edirəm.
- Gimnastların məşq prosesi kənardan baxanlara ağır görünür. Dörd yaşında uşaq nə hiss edirdi?
- Bu, elastiklik tələb edən idman növüdür. Mən isə ilk vaxtlar təbii olaraq elastik deyildim, buna görə də məşq hərəkətlərini icra edərkən, alətlərlə işləyərkən müəyyən qədər çətinlik çəkirdim. Amma bütün əziyyətlərimə dəydi və mən öz gimnastika karyeramda inamla və hər gün daha çox inkişaf edərək irəliləyirəm.
- Bəs gündəlik həyatınızda hansı vərdişlərlə sağollaşmalı oldunuz?
- İdman karyerama başlamazdan əvvəl səhərlər yuxudan oyanmaq mənim üçün çox çətin idi, amma indi asanlıqla oyanıram. Çünki idmançı olduqdan sonra artıq iradə və intizam formalaşır. Peşəkar idmanla məşğul olmağa başladıqdan sonra günlük qrafikim bir qədər çətinləşib. Çünki həm məktəb dərsləri, həm hazırlıqlar, həm də məşqlərdə iştirak etmək bəzən gün ərzində çətinliklər yaradır.
- Yorğunluq tərəddüdə səbəb olmur ki?
- Gimnastikaya başlayarkən heç vaxt tərəddüd etməmişəm. Əksinə, hər zaman idmana can atmışam. Hətta məşq saatı bitəndə belə evə getmək istəmirdim.
- Sizinlə eyni yaşda olan və gimnastikaya başlamaq istəyənlərə nə deyərdiniz?
- Mənimlə yaşıd olan bütün qızları gimnastika ilə məşğul olmağa dəvət edirəm. Çünki xüsusilə bədii gimnastika çox zərif və incə idman növüdür. Biz qızlara da bu yaraşır.
- Hədəfləriniz nədir?
- Yaxın gələcək üçün əsas hədəflərimdən biri milli komanda tərkibində məşq etməkdir. Böyük yarışlarda Azərbaycanı təmsil etməyi çox istəyirəm. Ən böyük arzularımdan biri tanınmış idmançı olmaqdır.
- Məşq prosesləriniz necə keçir?
- Məşqlərimiz çox maraqlıdır. Günümüz xoreoqrafiya dərsləri ilə başlayır və həftənin bəzi günləri qrup hərəkətləri, bəzi günlər isə fərdi kompozisiyalar üzərində işləyirik. Ümumilikdə isə məşqlərimizə çox intizamlı formada yanaşırıq.
- Bu gün sizin bayramınızdır. Yaşıdlarınıza nə demək istəyərdiniz?
- Bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edirəm. Onlara xoşbəxt və parlaq gələcək arzulayıram! Öz uşaqlıqlarından zövq almalarını və sağlam gələcək diləyirəm.
Anar Həsənov
Rəylər