"Turan Tovuz" Azərbaycan Premyer Liqasında rekordu təkrarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda buna ilk beş turda qol buraxmamaqla nail olub.
Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir kollektiv ilk 5 matçda qapısında top görməyib.
Buna ilk dəfə 1993/1994 mövsümündə Bakı "İnşaatçı"sı nail olub. "Xəzri" 1995/1996, "Dinamo" ("Bakı") 1998/1999 mövsümündə bunu bacarıb. Yalnız bir komanda - "Xəzər Lənkəran" startda iki belə seriyaya imza atıb: 2007/2008 və 2010/2011 mövsümlərində. "Turan Tovuz"dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda "Qəbələ" olub. 2016/2017 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. "Turan Tovuz" tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.
Qeyd edək ki, "Turan Tovuz" yalnız "Neftçi" ilə matçda xal itirib - 0:0. Qərblilər ardınca "Sumqayıt", "Qarabağ" və "Səbail"i bir, "Kəpəz"i üç cavabsız qolla məğlub ediblər.
Rəylər