Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İnternetin sürəti və qiymətində dəyişiklik olacaq - Hər istifadəçiyə 100 Mbit/s sürət mümkündürmü?
Azərbaycanda 15 avqust 2024-cü il tarixindən etibarən internetin sürəti ilə yanaşı, qiymətində də dəyişiklik olacaq.
Oxu.Az xəbər verir ki, bir neçə gün əvvəl "Aztelekom" şirkətinin yaydığı rəsmi məlumatda göstərilir ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2.5 dəfə artırılacaq və dəyişikliklər ediləcək.
Şirkət GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu passiv optik şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.
Bu açıqlamadan sonra "Aztelekom"un minimal 100 Mbit/s sürətdə internet vermək iqtidarında olub-olmaması sual altına düşüb.
Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı mütəxəssislər belə fikir irəli sürüblər ki, "Aztelekom"da hər istifadəçiyə nəinki 100 Mbit/s, heç 40 Mbit/s internet vermək üçün texniki imkan yoxdur.
"Mütəxəssislər niyə bu qənaətdədirlər?" sualı ilə İKT sahəsində 20 ildən çox təcrübəsi olan iş adamı Mehman Xəlilova müraciət etdik.
M.Xəlilov Oxu.Az-a açıqlamasında bildirdi ki, "Aztelekom" əlində olan datanı ictimaiyyətə açıqlamadığı üçün onun belə bir yükün altına girə biləcəyi inandırıcı görünmür:
"Çünki giriş və çıxış trafiki məlum olmadığı təqdirdə bu məsələdə obyektiv qiymətləndirmə aparmaq mümkün deyil. Bu məsələlərdə ekspertlər məlum rəqəmlərə istinad etməlidirlər.
Məsələn, orta hesabla hər 10 nəfər üçün girişdə 100 Mbit/s sürət alıb onu çıxışda 13 abonentə payladıqda sürəti saxlamaq olur. Çünki orta statistik məlumata görə, abonentlərin hamısı eyni zamanda internetdən maksimum sürətlə istifadə etmir.
Amma çıxışda bu rəqəm 13 deyil, 20 nəfərə paylanacaqsa, qoşulma sürəti 100 Mbit/s kimi görünsə də, faktiki trafikin sürəti daha aşağı olacaq. Hazırda bütün internet abunəçiləri də bundan əziyyət çəkirlər.
Əgər qiymət artımından əmələ gəlmiş gəlir, həqiqətən də, internetin sürətinin artırılmasına sərf olunacaqsa, düşünürəm ki, vəziyyət indikindən daha yaxşı ola bilər, amma nə dərəcədə yaxşı olacaq, bunu demək çətindir. Çünki nə qiymət artımının arxasında duran hesablamalar, nə də "Aztelekom"da edilmiş, edilməkdə olan və ediləcək yeniliklər haqqında məlumatımız yoxdur. Güman edirəm ki, nəsə hazırlıqlar aparıblar, amma nə dərəcədə - burası hələ ki məlum deyil".
Müzakirə olunan məsələlərlə bağlı "Aztelekom"a sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, "Aztelekom"un hazırda nə qədər trafik alıb-satması və müştəri sayı məsələsi kommersiya sirri olduğu üçün geniş ictimaiyyətə açıqlanmır.
"Aztelekom"un minimal 100 Mbit/s sürətdə internet vermək iqtidarında olub-olmaması məsələsinə gəlincə isə qeyd olunub ki, "Aztelekom" MMC tərəfindən ilk dəfə 2016-cı ildə 100 Mbit/s sürət 200 AZN-ə təklif edilib. Bu, genişzolaqlı internet infrastrukturunun məhdud çərçivədə olduğu dövrlərdə baş verib.
"Həmin dövrdə internetin təmin edilməsi üçün ADSL (Asymmetric Digital Subscriber Line/Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyası tətbiq edilirdi. Sözügedən texnologiya simmetrik olmayan sürət məntiqi ilə işlədiyinə görə yükləmə (upload) sürəti endirmə (download) sürətindən daha azdır. Bu, xüsusilə məlumatların yüklənməsi tələb olunan işlərdə problem yarada bilər. ADSL-in sürəti və keyfiyyəti, ATS (Avtomat Telefon Stansiyası) ilə istifadəçi arasındakı məsafədən asılı olduğundan daha uzaqda olan istifadəçilər daha aşağı sürət və keyfiyyətlə qarşılaşırlar.
Mis kabellərin keyfiyyəti də ADSL bağlantısının keyfiyyətinə təsir edir. Bundan əlavə, eyni xətt üzərindən çox sayda cihazın istifadəsi də sürətə ciddi məhdudiyyətlər yaradır.
Ümumiyyətlə, ADSL texnologiyası məhdud internet ehtiyacları olan istifadəçilər üçün kifayət edə bilər. Nəzəri olaraq, ADSL maksimum 24 Mbit/s yükləmə sürəti təmin edə bilər. Lakin ən çox yayılmış ADSL1 və ADSL2+ standartlarında bu sürət müvafiq olaraq 8 Mbit/s və 24 Mbit/s-dir. Yükləmə sürəti isə maksimum 1.4 Mbit/s ola bilər ki, ADSL1 və ADSL2+ standartlarında bu sürət müvafiq olaraq 1 Mbit/s və 3.3 Mbit/s-dir. Bu sürətlər nəzəri maksimumlardır və reallıqda telefon xəttinin keyfiyyəti, istifadəçi ilə xidmət təminatçısı arasındakı məsafə, xəttin istismar müddəti və keyfiyyəti kimi amillər səbəbindən dəyişə bilər. Adətən, real sürətlər bu maksimumlardan aşağı olur.
Mütəxəssislərin də qeyd etdiyi kimi, 100 Mbit/s internet sürətinin ADSL texnologiyası üzərindən təqdim edilməsi qeyri-mümkündür.
Bu səbəbdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulmasında GPON (Gigabit Passive Optical Network/Giqabit passiv optik şəbəkə) və digər texnologiyaların tətbiqi həyata keçirilir.
GPON fiber-optik xətlər vasitəsilə genişzolaqlı kommunikasiya texnologiyasıdır. Əsas məqsədi ev, mənzil və biznes subyektləri yüksəksürətli internet bağlantısı ilə təmin etməkdir.
GPON fərqli xidmətlərin (internet, telefon, televiziya və s.) eyni fiber-optik xətt üzərindən ötürülməsinə imkan verən bir sistemdir. GPON texnologiyası 2.5 Gbit/s endirmə və 1.25 Gbit/s yükləmə sürətini dəstəkləyir.
Bu, internetdən çoxlu sayda məlumatların sürətli şəkildə ötürülməsinə imkan verir, fiber-optik xəttin effektiv istifadəsini təmin edir və bu səbəbdən daha çox istifadəçiyə xidmət göstərə bilir.
Bu texnologiya optik xətlərin 10-12 km-dək olan məsafələrdə istifadə edilməsinə imkan yaradır, geniş ərazilərdə xidmət göstərməyi asanlaşdırır və müxtəlif xidmətlərin (internet, IPTV, VoIP və s.) eyni zamanda ötürülməsi zamanı xidmət keyfiyyətinin təmin edilməsini dəstəkləyir.
Ötən il Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olunub. Bu, müştərilərimizə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verir.
Bu ilin mart ayından etibarən ev təsərrüfatları və biznes subyektlərinə XGS-PON həlli vasitəsilə genişzolaqlı və yüksəksürətli internet və multimedia xidmətlərinin təqdim edilməsi üçün şəbəkənin qurulmasına başlanılıb. Belə ki, 25 GPON həlli eyni fiber-optik kabel üzərindən GPON və XGS-PON ilə birlikdə işləyəcək.
Əlavə olaraq bildiririk ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan "Ookla"nın iyun ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 39.87 Mbit/s-ni, Bakı şəhəri üzrə isə 41.2 Mbit/s-ni keçib. Bu, illik sürətin müvafiq olaraq 35% və 37% artımı deməkdir. Bu göstəricilər "Aztelekom" MMC-nin 30 Mbit/s və 40 Mbit/s sürət paketlərini uyğun qaydada təqdim etdiyini göstərir. 100 Mbit/s sürətin istehlakçılara təqdim edilməsi də eyni qaydada uğurla həyata keçiriləcək", - deyə şirkətin rəsmi açıqlamasında qeyd olunur.
Əzizə İsmayılova
"İnternet provayderi" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 27.08.2024-ün ən mühüm hadisələri
- Qiymətlər artır, keyfiyyət azalır: Hər kəsə internet lazımdır?
- İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb
- İnternetin bahalaşmasına şirkətdən CAVAB
- MTK-ları "ələ keçirən" provayderlər: İnterneti olmayan sakin nə etsin?
Rəylər