“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) arasında dənizdə neft-qaz hasilatına xidmət edəcək yeni gəmilərin tikintisinə dair müqavilə imzalanıb.
Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Bildirilib ki, ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq neft-qaz sənayesində göstərilən dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən donanmanın yenilənməsi işləri də diqqətdə saxlanılır.
Bu istiqamətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə ötən dövrdə mühüm addımlar atılıb, dənizdə neft-qaz hasilatında işləmək üçün nəzərdə tutulan müxtəlif tipli gəmilər alınaraq müvəffəqiyyətlə istismara verilib. SOCAR ilə uğurlu əməkdaşlığın davamı olaraq yaxın illərdə üçü sərnişin, dördü dalğıc gəmisi olmaqla, ümumilikdə yeddi yeni gəminin tikintisi barədə qərar verilib. Razılığa əsasən, bu gəmilərin inşası BGZ-də həyata keçiriləcək.
Bu gün həmin gəmilərdən dördünün tikintisinə dair ASCO-nun İdarə Heyətinin (İH) sədri Rauf Vəliyev və BGZ-nin İH-nin sədri Elşad Nuriyev arasında müvafiq müqavilənin imzalanması mərasimi keçirilib.
Müqaviləyə əsasən, BGZ 18-24 ay ərzində ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik üç ədəd sərnişin və bir ədəd dənizin 60 metr dərinliyində işləmək üçün nəzərdə tutulan hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.
İmzalanma mərasimində bildirilib ki, beynəlxalq standartların tələblərinə uyğun tikiləcək gəmilər geniş texniki imkanlara malik olacaq və ölkəmizin neft-qaz hasilatı istiqamətində görülən işlərdə dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaqlar.
Tədbirdə o da vurğulanıb ki, tikiləcək sərnişin gəmilərini aparıcı dizayn şirkəti layihələndirib. Dalğıc gəmisinin inşası isə “ASCO Mühəndislik” MMC-nin təqdim etdiyi layihə əsasında həyata keçiriləcək və bu gəmi Xəzər dənizində üzən ilk hibrid mühərrikli dalğıc gəmisi olacaq. ASCO-nun ekoloji siyasətinə, eləcə də Beynəlxalq Dənizçilik Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uyğun inşa ediləcək bu gəmi həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.
Müqavilənin imzalanması mərasimində ASCO, BGZ, SOCAR nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasında təhsil alan iki nəfər əlaçı IV kurs tələbəsi də iştirak edib. Tədbirdən əvvəl R.Vəliyev tələbələri qəbul edərək, onlarla gəmiçilik sahəsində ölkəmizdə həyata keçirilən layihələrdən və qarşıda duran hədəflərdən danışıb. Sədr görüşdə gələcəyin mütəxəssislərinə ixtisaslarını yaxşı mənimsəmələri barədə tövsiyələrini verib və onlara uğurlar arzulayıb.