Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyev gəmiqayırma zavodunun Azərbaycanın sənaye artımına və milli inkişafına necə töhfə verdiyindən danışıb.
Oxu.Az xəbər verir ki, müvafiq süjet "Euronews"da yaymlanıb.
E.Nuriyev gəmiqayırma zavodunun Azərbaycanın sənaye ekosistemində strateji əhəmiyyətini və müəssisənin ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Bunun bariz nümunəsi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş və hazırda Avropaya əsas təbii qaz tədarükünün həyata keçirildiyi "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində sualtı işlər zamanı həlledici rol oynayan "Xankəndi" gəmisidir.
Zavodun İdarə Heyətinin sədri müəssisənin fəaliyyətini optimallaşdırmaq üçün üç əsas fəaliyyət göstəricisini (KPI) təqdim edib. Birincisi, texnologiyanı təlim sessiyalarına daxil etməklə istehsal prosesini təkmilləşdirməyə, xüsusilə də səmərəliliyi, dəqiqliyi və təhlükəsizliyi artırmaq üçün qaynaq prosesində genişlənmiş reallıq texnologiyasının istifadəsinə yönəlib.
İkinci əsas göstərici iş səmərəliliyinin və bacarıq səviyyəsinin yüksəldilməsi üçün ADA Universiteti kimi yerli təhsil müəssisələri, eləcə də peşə məktəbləri ilə tərəfdaşlıq əlaqələri qurmaqla işçilərin bacarıqlarının artırılmasına istiqamətlənib.
Üçüncü əsas prinsip isə ətraf mühitin davamlılığına diqqət yetirir. Bura daxili nəqliyyat üçün velosipedlərdən istifadə, günəş panellərinin quraşdırılması və yaxınlıqdakı fabriklərə də fayda verən səmərəli sutəmizləyici sisteminin quraşdırılması daxildir. Xüsusilə insanyönümlü gəmi interfeysləri və ağıllı sensor texnologiyaları sahələrində tədqiqat və təkmilləşdirmələrə də böyük diqqət yetirilir.
E.Nuriyev bu məqsədlərə çatmaqda komanda işinin vacibliyini vurğulayır, gəmiqayırma zavodunun mühəndis, fəhlə və yardımçı heyətinin birgə səylərini yüksək qiymətləndirir. O əmindir ki, insanların, texnologiyaların və obyektlərin əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti qarşıya qoyulan məqsədlərə nail olmaq və Bakı Gəmiqayırma Zavodunu innovativ mühəndislik baxımından tamhüquqlu mərkəzə çevirmək üçün çox vacibdir.
Bakı Gəmiqayırma Zavodu: Davamlı innovasiyalar vasitəsilə istehsalın artırılması