2024-cü ilin II rübündə kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Sorğuya əsasən, banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.
İnsanların kredit kartlarına tələbinin artdığı bir dövrdə bu addımın atılması maraq doğurur. Kredit kartları üzrə kredit standartlarında sərtləşmə qərarını doğuran səbəblər hansılardır? Bu addım banklara nə qazandıracaq?
"Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edirik.
Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, bir çox hallarda vətəndaşlar kartı alır, lakin istifadə etmirlər. Bu, banklara sərf etmir: "Kredit kartlarındakı məbləği müəyyən zamana qədər istifadə etmək olur. Məsələn, beş illik istifadə müddəti olan kartdakı vəsaitdən üç il istifadə hüququ verilir, son iki ildə isə ödəmək tələbi qoyulur. Müştəri kartı götürür və ehtiyat olaraq özündə saxlayır. İstifadə etmədiyi üçün də faiz hesablanmır. Bu, bankın gəlirlərinin azalmasına səbəb olur. Məsələn, bir vətəndaş iki min manat əməkhaqqı alır. Banklara müraciət edir, gəlirlərini, xərcini çıxaraq vətəndaşa hərəsində beş min manat olan üç kart verirlər. O isə həmin kartlardakı məbləğə ehtiyacı olmadığı üçün toxunmur, bu zaman kartlardakı 15 min manat məbləğ heç bir gəlir gətirmir".
Ekspertin fikrincə, bu səbəblər bankların maliyyə sıxıntısı yaşamasına qədər gətirib çıxara bilir: "Yəni, kredit kartlarındakı vəsaitdən ya istifadə olunmur, ya da vətəndaş faizi müddətin sonunda ödəyir. Banklar öz vəsaitlərini plastik kart vasitəsilə müştəriyə verir, lakin proqnozlaşdırılan gəliri əldə edə bilmədiyinə görə, gəlirlilik əmsalında müəyyən dərəcədə azalmalar yaranır. Bank verdiyi vəsaitdən gəlir əldə etməlidir ki, vəsaiti digər müştərilərə yönəldərək pul dövriyyəsini genişləndirsin. O səbəbdən vəsaitlərin plastik kartlarda yatması banklar üçün məqsədəuyğun deyil. Kredit kartları üzrə sərtləşmələr gözlənilən idi".
E.Kərimov bildirdi ki, sırf belə hallara görə, banklar daha çox nağd kreditlərin verilməsinə üstünlük verirlər: "Çünki nağd kreditlər verilən gündən faiz hesablanır. Artıq növbəti aydan vətəndaşlardan ödəniş tələb olunur".
Sərtləşmələrin vətəndaşlara necə təsir edəcəyi ilə bağlı suala gəldikdə, müsahibimiz qeyd etdi ki, plastik kartlara tələb bu qədər çox ikən, heç bir azalma gözlənilmir: "Yeni qaydalar üzrə sərtləşmələrin vətəndaşlar üçün hər hansı bir çətinlik yaradacağını düşünmürəm. Çünki əgər bankların şərtləri vətəndaşların xoşuna gəlməsə, bu zaman nağd kredit də götürə bilərlər. Həmçinin lombard kreditlərinə müraciət etmələri də mümkündür. O səbəbdən ciddi bir təsiri olmayacaq. Sadəcə, bu, bank sektorunda gələcəkdə yarana biləcək mənfi tendensiyaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planıdır. Müəyyən bir dövr keçdikdən sonra öz bəhrəsini verəcək, daha sonra tətbiq olunan qaydalardan imtina da mümkündür. Plastik kartlar yarandığı gündən vətəndaşların rəğbətini qazanıb, şərtləri də insanlar tərəfindən bəyənilir. İstənilən halda, onların faydalı bir maliyyə aləti olduğu qənaətindəyəm".
İqtisadçı Asif İbrahimli isə dedi ki, kredit kartlarının alınması üsulları çox asandır. Belə olduğu halda da problemlər ortaya çıxır:
"Ümumiyyətlə, kredit kartları və digər kredit məhsulları ilə bağlı banklarda borcların geri ödənilməməsi ilə bağlı ciddi problemlər yaşanır. Kredit kartlarının əldə edilməsi şərtləri çox sadə olduğuna görə, həmin bankda əməkhaqqı kartı olan vətəndaşa hər hansı kredit kartları da təklif olunur. Vətəndaş da rahatlıqla əldə edib istifadə edir. Amma bir çox hallarda götürülən məbləği ödəməmə halları baş verir. Düşünürəm ki, bununla bağlı qərar veriləcək. Ümumiyyətlə, bank kartlarının alınması ilə bağlı həm təhlükəsizlik meyarlarının artırılması, həm də onların əldə edilməsi istiqamətində müəyyən beynəlxalq standartların tələblərinə uyğun tədbirlər həyata keçirilməlidir".
İqtisadçı bildirdi ki, kredit kartları ilə bağlı bir çox narazılıq halları baş verirdi ki, artıq bunların da qarşısı alınmış olacaq: "Burada bankın əldə etdiyi odur ki, artıq borcların vaxtı-vaxtında geri qaytarılması təmin olunacaq".
A.İbrahimlinin fikrincə, krediti ödəmə qabiliyyəti olan insanların narahat olacağı vəziyyət mövcud deyil: "Rəsmi iş yeri olan, kredit tarixçəsi normal vətəndaşlarla bağlı hər hansı bir uzaqlaşdırma olmayacaq. Sadəcə, müəyyən proseduralarda dəyişikliklər ediləcək. Qaydalar daha da qəlizləşə bilər".