Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 112-ci sessiyası keçirilir.
Oxu.Az xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında təşkilatın yenilənmiş Qlobal Sosial Müqavilə təşəbbüsünün əhəmiyyətini qeyd edib. O, BƏT-in prinsiplərinə uyğun olaraq ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində sosial tərəfdaşlığa xüsusi önəm verildiyini bildirib.
Nazir ölkəmizdə hər iki ildən bir hökumət, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası arasında sosial-iqtisadi və əmək münasibətləri sahəsində Baş Kollektiv Sazişin imzalandığını, Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətini qeyd edib.
Azərbaycanda layiqli əməyin təminatı sahəsində görülən işləri diqqətə çatdıran S.Babayev bildirib ki, ölkədə son beş ildə dörd milyon insanı əhatə edən dörd sosial islahat paketi icra edilib. Bu islahatlar üçün əlavə olaraq illik dörd milyard ABŞ dolları ayrılıb.
DOST konsepsiyasının və son illər sosial sahədə icra edilən geniş elektronlaşdırma proqramının nailiyyətləri, əmək və məşğulluq sahəsində aparılan siyasətin BƏT-lə sıx əməkdaşlıqda həyata keçirildiyi vurğulanıb.
Qeyd olunub ki, ötən dövrdə BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurlu icrası bunun təzahürüdür. Növbəti Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması da nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri diqqətə çatdırılıb. Həmin ərazilərdə iqtisadi inkişafın, Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün sosial rifah və dayanıqlı məskunlaşmanın, səmərəli məşğulluğun təmin edilməsi üçün mühüm işlərin aparıldığı qeyd olunub.
Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, COP29-un BƏT-in gündəliyini daha irəli aparmaq üçün də effektiv platforma rolu oynayacağı bildirilib.