Son iki ildə baş verən geosiyasi dəyişikliklər Mərkəzi Asiyadan keçən və Çini Avropa ilə birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) əhəmiyyətini kəskin şəkildə artırıb.
“Report” xəbər verir ki, əvvəlcə Rusiya-Ukrayna münaqişəsi, ötən ilin sonundan isə husilərin Qırmızı dənizdə gəmilərə hücumu qlobal ticarət yollarına təsir edir. Yekunda hər şey nəqliyyat, təhlükəsizlik və kommunikasiya xərclərinin artması ilə nəticələnir. Asiyadan, əsasən də Çindən Avropaya nəqliyyat dəhlizləri və avropalıların istehlak etdiyi məhsulların tədarük zəncirləri pozulub, bütün bunlar yekun xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.
Əvəzində isə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Antalyada keçirilən Diplomatik Forumda vurğuladığı kimi, Çin ilə Avropa İttifaqı (Aİ) arasında Qafqaz ərazisindən keçən illik ticarət dövriyyəsi 700 milyard ABŞ dollarını ötür.
“Hazırda şimal dəhlizi məlum səbəblərdən praktiki olaraq iflic vəziyyətindədir və bu, iki ticarət tərəfdaşı arasında mərkəz olan Qafqaz regionunun əhəmiyyətini artırır. Beləliklə, Cənubi Qafqaz və Orta Dəhliz Azərbaycan tərəfinin də niyyəti olan geniş strateji əlaqəni təmin edə bilər. Çindən Avropaya yüklərin daşınmasını təmin etmək üçün regionun potensialına əlavə diqqət yetirildiyini görürük”, - H.Hacıyev deyib.
Yeri gəlmişkən, bu yaxınlarda keçirilən 5-ci Balkan və Qara Dəniz Forumu çərçivəsində həm Çin, həm də Aİ geosiyasi problemlərin həlli və tədarük zəncirlərinin təhlükəsizliyinin artırılması üçün Orta Dəhlizin inkişafına ümumi marağı ifadə ediblər.
Avropa və beynəlxalq maliyyə qurumları isə Mərkəzi Asiya regionunda nəqliyyat əlaqələrinin, ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına 10 milyard avro ayırmağa hazır olduqlarını bildiriblər.
Məlum olduğu kimi, husilərin Qırmızı dənizdə gəmilərə hücumları başlayandan bəri Süveyş kanalı ilə yükdaşımaların həcmi 55 % azalıb. Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəyərləndirməsinə görə, Süveyş kanalı Qırmızı dənizdəki gərginlik səbəbindən yüklərinin təxminən üçdə ikisini itirib və yüklər hazırda Afrikanın cənubundan daşınır. Bir sıra gəmiçilik şirkətləri isə Qırmızı dəniz vasitəsilə daşımaları tamamilə dayandırmaq qərarına gəliblər.
Bu münaqişə fonunda yükdaşıyanlar Ümid burnundan keçən və daha uzun olan marşrutu seçirlər, eyni zamanda Aİ, Çin və Cənub-Şərqi Asiya ölkələrində diqqətlər Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin ərazisindən keçən Orta Dəhlizə getdikcə daha çox yönəlir. O, vaxt itkisi və təhlükəsizlik baxımından Türkiyə, Yaxın Şərq və Avropa ölkələrinin bazarlarına giriş üçün optimal hesab edilir.
Son illərdə Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Bakı limanı vasitəsilə yüklərin aşırılmasını əhatə edən Orta Dəhlizin birləşmiş dəniz və dəmir yolu komponentinin imkanlarının genişləndirilməsi istiqamətində də fəal iş aparır.
H.Hacıyevin də vurğuladığı kimi, Azərbaycan Bakının Ələt limanının ötürücülük qabiliyyətinin ildə 25 milyon tona çatdırılmasına sərmayə yatırır.
“Azərbaycan bu yaxınlarda BTQ-nin Gürcüstan seqmentinin gücünü artırmaq üçün Gürcüstanla birgə əlavə sərmayələr qoymağa başlayıb. Biz həmçinin türkiyəli həmkarlarımızla Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi ilə bağlı da razılıq əldə etmişik”, - Prezidentin köməkçisi bildirib.
Qeyd edək ki, 230 kilometr uzunluğunda olan xətt Qars-İğdırdan başlayaraq Naxçıvana qədər uzanacaq. Oradan xətt İran, Əfqanıstan və Pakistana gedən dəmir yolu xəttinə birləşdiriləcək. Bununla Türkiyə də logistika sahəsində böyük üstünlük əldə edəcək.
BTQ-nin Gürcüstan seqmenti üzrə genişləndirmə və modernizasiya işlərinə gəlincə, onun 2 ay ərzində başa çatdırılması planlaşdırılır. Bu gün Axalkalakidə Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu administrasiyaları rəhbərlərinin üçtərəfli görüşü keçirilib və görüşdə bu işlərin icrasının gedişi və sürətləndirilməsi müzakirə olunub. Bu, əlavə yük axınlarının cəlb edilməsi üçün zəruri şərt olan Asiya və Avropa arasında yükdaşıma vaxtını xeyli azaldacaq. İlkin mərhələdə, modernləşdirilmədən sonra BTQ ilə yükdaşımaların həcminin ildə 5 milyon ton olacağı gözlənilir.
BTQ vasitəsilə yüklərin Pekindən (Çin) Londona (Böyük Britaniya) çatdırılması 12-15 günə mümkündürsə, Avropadan Asiyaya Afrika vasitəsilə dəniz yolu ilə yüklərin daşınması isə 45-62 gün, Çindən Avropaya Rusiya vasitəsilə çatdırılma isə 32 gün çəkir.
O cümlədən Orta Dəhliz marşrutları üzrə qeyri-neft yüklərinin, eləcə də konteyner yüklərinin qatar və yük maşınları ilə daşınması orta hesabla təxminən 20-25 gün çəkir ki, bu da yüklərin Çin və Cənub-Şərqi Asiyadan dəniz yolu ilə, Cənubi Afrikada Ümid burnundan keçməklə daşınmasından xeyli azdır. Belə ki, ikinci halda yüklərin daşınması orta hesabla ən azı bir ay yarım çəkir. Şərq və Qərb arasında ənənəvi marşrutlar üzrə və əks istiqamətdə malların çatdırılması 53 gün çəkir (Süveyş kanalı vasitəsilə daşındıqda).
Aydın olan odur ki, Rusiya ilə Qərb arasında bütün logistika marşrutlarını kəsən Rusiya-Ukrayna müharibəsi, eləcə də Qırmızı dəniz və Süveyş kanalında gəmiçilik fəaliyyətinin faktiki olaraq dayanması ilə nəticələnən Yaxın Şərqdəki mövcud münaqişələrin gərginləşməsi Orta Dəhlizin etibarlı marşrut olaraq rolunu daha da artıracaq.
Proqnozlar da bunu təsdiqləyir. Belə ki, 2025-ci ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi ildə 10 milyon ton yükə çatdırılacaq. 2023-cü ildə bu marşrutla 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.