Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
POS-terminal və ödəmə aparatlarının işləməməsi ən çox kimə ziyan vurur?
İyulun 24-də POS-terminalların və ödəmə aparatlarının işində nasazlıq yaranması nağdsız ödənişlərə üstünlük verən vətəndaşların çətin vəziyyətdə qalmasına səbəb olmuşdu.
Oxu.Az xəbər verir ki, problem bütün ölkə üzrə müşahidə olunub. Heç bir yerdə nağdsız ödənişdən istifadə edə bilməyən vətəndaşlar sosial şəbəkələrdə məsələni müzakirəyə çıxarıblar.
Çoxları bu məsələdə ödəniş kartlarının aid olduğu bankları günahlandırıb. Bank əməkdaşları isə problemin banklardan deyil, mobil operatorlardan qaynaqlandığı qeyd ediblər.
Müzakirələr zamanı irəli sürülən iddialardan biri də sistemə kiberhücum olması ilə bağlı olub.
Məsələ ilə bağlı POS-terminalları SİM-kartla təmin edən "Azercell Telekom" MMC-yə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, "Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə 24.07.2024 tarixində təkmilləşdirmə işləri aparıldığından şirkətin korporativ müştərilərinə təqdim etdiyi bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yaranıb.
"Qeyd olunan təkmilləşdirmə işləri ilə bağlı iyulun 21-də qəzetlərin birində elan yayımlamaqla abunəçilərə əvvəlcədən məlumat verilib. Təkmlilləşdirmə işləri yekunlaşdıqdan sonra isə bu istiqamətdə tam normal əsaslarla fəaliyyət imkanı təmin edilib", - deyə açıqlamada bildirilib.
"Bakcell" şirkətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı vətəndaşlardan indiyə qədər şirkətə müraciət daxil olmayıb:
"Müştərilərə yüksəkkeyfiyyətli xidmətlərin fasiləsiz təqdim olunması məqsədilə "Bakcell" öz şəbəkəsini daim nəzarətdə saxlayır. Ötən gün axşam saatlarında da ölkə ərazisində nağdsız ödənişlərlə əlaqədar yaşanan çətinliklər zamanı "Bakcell" şəbəkəsində hər hansı məhdudiyyətlər müşahidə olunmayıb".
"Nar Mobile"dan bildirilib ki, 24 iyul tarixində nağdsız ödənişlərlə yaşanan çətinliklərin "Nar" şəbəkəsi bir bağlılığı olmayıb:
"Eyni zamanda, qeyd edək ki, sözügedən məsələ ilə bağlı şirkətimizə heç bir müraciət daxil olmayıb".
Bəs POS-terminalların işləməməsi banklar üçün hansı problemləri yaradır?
Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasında Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupuna sorğu ünvanladıq.
Qurumun sədri Tamerlan Rüstəmov Oxu.Az-a açıqlamasında bildirdi ki, cari ilin altı ayının statistikasına baxsaq, bir saat ərzində orta hesabla 1.31 milyon AZN məbləğində ödəniş əməliyyatının icra edildiyini görərik.
"Hər bir POS-terminalda müvafiq mobil operatorunun SİM-kartı olur. Bu əsasda POS-terminal internet şəbəkəsi üzərindən bankla əlaqə saxlayaraq məlumat mübadiləsi aparır. Mobil rabitə operatoru problemlə üzləşdikdə, yəni şəbəkə qırıldıqda, məlumat mübadiləsi olmur və əməliyyatlar keçmir. Bu hal bir sıra özünəxidmət terminallarında, yəni nağd pul qəbul edən terminallarda da yaşana bilir", - deyə T.Rüstəmov qeyd edib.
POS-terminalların işləmədiyi halda bankların üzləşdiyi problemlərə gəlincə isə T.Rüstəmov bir neçə halda bu məsələlərin özünü aydın büruzə verdiyini diqqətə çatdırıb:
"Məsələn, təsərrüfat subyekti bankdan şikayət edir ki, avadanlığınız (POS-terminal) işləmir, əməliyyat keçmir. Problem təkrarlananda isə təsərrüfat subyekti məsələdən tam məlumatlı olmadığı üçün çıxış yolunu bankı dəyişməkdə görür, belə olan halda bank müştəri itirmiş olur.
Digər bir məsələ - təsəvvür edin, müştəridə nağd pul vəsaiti yoxdur, ancaq məhsul almaq istəyir. Nəticədə şəbəkə olmadığına görə əməliyyat getmir və müştəridə banka qarşı mənfi rəy formalaşır, yenə nəticə etibarilə bank müştəri itirir.
Üçüncü bir problem - əməliyyat zamanı şəbəkə qırılır və əməliyyat tamamlanmır. Məsələn, uğurlu avtorizasiya olur, əməliyyatı tamamlamaq istəyəndə isə şəbəkə qırılır. Bu halda müştərinin pulu nağdsız formada ödənmir və bloka düşür. Belə olan halda isə müştəri yenidən gedib banka müraciət etməlidir ki, bank blokdan çıxarsın. Bu da narazılıq yaradır və bu da bank üçün müştəri itkisi deməkdir.
Nəhayətdə, hər bir bank nağdsız ödəniş həcmi artdıqca gəlir əldə edir. Məsələn, A bank kartı ilə B bankının POS-terminalında əməliyyat etdikdə, A bankı interçeync (interchange), yəni xidmət haqqı qazanır ki, bu da əməliyyatın müəyyən faizi məbləğində olur. Əməliyyat keçmədikcə bank bu gəlirdən də məhrum olur".
Yaşanan məlum problem - ölkə üzrə POS-terminalların sayı və dövriyyəsi barədə statistikanı öyrənmək üçün Azərbaycan Mərkəzi Bankına da sorğu verdik.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ötən gün axşam saatlarında ölkə ərazisində Mərkəzi Bankdan qaynaqlanmayan səbəblərdən dolayı POS-terminal və ödəmə terminallarının işində qısamüddətli çətinliklər baş verib. Təxirəsalınmaz tədbirlər çərçivəsində çətinliklər aradan qaldırılıb və terminalların işi bərpa olunub.
"Ölkə ərazisindəki POS-terminalların sayı və dövriyyəsi məsələsinə gəlincə, diqqətinizə çatdırırıq ki, 30.06.2024-cü il tarixinə ölkə üzrə ümumilikdə 97.7 min ədəd POS-terminal mövcud olub ki, bu terminalların 94,9 min ədədi pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılıb.
2024-cü ilin I yarımili ərzində POS-terminallar vasitəsilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi isə 5.7 mlrd. manat olub".
Əzizə İsmayılova