Pərviz Heydərov yazır...
Qızılın dünya bazar qiyməti bir unsiya üçün artıq, 2750 ABŞ dollarını ötüb. Cari ilin dekabr ayı üçün füçersləri üzrə ortaya çıxan bu rəqəm səviyyəsi gələn il analoji vaxtadək orta hesabla 3000 dollara qədər yüksələ bilər. Yəni 2750 dollar tarixdə ilk rəqəm - rekord sayıldığına rəğmən, gələn il buna da təəccüblənməyə bilərik.
Necə ki, bundan əvvəlki rəqəmlər adi sayılırdı...
Qızıl niyə bahalaşır? Bunun ölkəmizə və əhaliyə xeyri, zərəri nədir?
Qızıl qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. Sözügedən metalın qiyməti həmişə dünya iqtisadiyyatında ortaya çıxan qeyri-müəyyənliklər və sabitliyin pozulması səbəbi ilə artıb və artacaq. Belə ki, aparıcı valyutalara inam azaldıqda, maliyyə vasitələri üzrə risklər yüksəldikdə, investisiyaların icrası üçün şərait daraldıqda qızıl, ən etibarlı və yeganə yatırım vasitəsi hesab olunur.
Ümumiyyətlə, qızıl nə vaxt ucuz xarakter daşıyıbsa, bu, investorların sərbəst fəaliyyət göstərdiklərinə - ortada onlar üçün heç bir çəkindirici amilin mövcud olmadığına, əksinə olduqda isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyət hökm sürdüyünə işarə sayılıb.
Son 4-5 il ərzindəsə dünyada vəziyyət məlum olduğu kimi qeyri-müəyyən şərait aldığından, qlobal iqtisadi sistemdə çatlar yarandığından, zəncirvari əlaqələr əhəmiyyətli dərəcədə qırıldığından qızıl yenə bahalaşır. Buna əvvəl, 2020-ci ildə pandemiya yol açsa da, sonradan Rusiya-Ukrayna müharibəsi və son olaraq da Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsi zəmin yaradıb.
Ona görə də görünən budur ki, girişdə də qeyd etdiyim kimi, proses hələ davam edəcək. Belə ki, irəlidə məhz ən çox geosiyasi vəziyyət ucbatından qlobal iqtisadi məkanda "suların durulacağı" gözlənilmir. Odur ki, bahalaşmanın bundan sonra hansı səviyyədə təşkil edəcəyini proqnoz etmək mümkün olmasa da, yeni-yeni rekordların qeydə alınacağı qaçılmaz sayılır.
Ona görə də, ölkəmiz daxilində də eyni tendensiyanın müşahidə ediləcəyi təbii qarşılanmalıdır. Qızıldan hazırlanan bütün məmulatlar getdikcə daha yüksək qiymətlərlə təklif olunacaq ki, əhali bunlara olan tələbatını ödəməkdə çətinlik çəkəcək. Qeyd olunan məhsullar üzrə alış-veriş azalacaq. Nəticədə də bu işlə məşğul olan sahibkarların ticarəti zəifləyəcək.
Bütün bunlar onsuz da artıq, bir müddətdir müşahidə edilir. Düzdür, qeyd oluna bilər ki, belə vəziyyətdə əslində müəyyən qrup vətəndaşlar tərəfindən tələb genişlənməlidir. Yəni, qızıl bahalaşır deyə, sərbəst vəsaitlərini ondan hazırlanan məmulatları alıb yığmağa yönəldənlərin sayı çox təşkil etməməlidir.
Lakin bu riskdir, həm də sözügedən tendensiya bazara təsir edəcək həddə ola bilməz.
Ölkə səviyyəsinə gəldikdə isə, qızılın bahalaşması iki istiqamətdə effektli sayıla və səmərə gətirə bilər. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir ki, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli üzrə aktivlərinin bir hissəsi qızıl ilə saxlanılır.
Bundan əlavə, Mərkəzi Bankın da qızıl ehtiyatı var. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a dəyişikliklərə müvafiq olaraq ARDNF-nin ümumi investisiya portfelinin dəyərinin 15%-dək hissəsinin qızılla saxlanması tövsiyə edildiyi (belə demək mümkündürsə) halda hazırda bu rəqəm 17.7%-ə çatdırılıb.
Niyə?
Çünki, özünün 2024-cü il üzrə təsdiqlənmiş investisiya siyasətinə müvafiq olaraq ARDNF 2024-cü ilin üçüncü rübü üzrə 12.130 kiloqram, 2024-cü ilin bütövlükdə ilk 9 ayı üzrəsə 27.060 kiloqram qızıl alışı həyata keçirməklə, ölkənin valyuta ehtiyatlarının əsas hissəsinə sahib fond nəticədə, investisiya portfelini 1 oktyabr 2024-cü il tarixinə 127 ton qızıl həcminə çatdıraraq 10 milyard 844 milyon 900 min ABŞ dolları məbləğində ehtiyata yiyələnib.
Bu, real şəraitə uyğun olaraq çox düşünülmüş addımdır. Çünki, qızıl sığorta mənbəyidir, qızıl bir yatırım vasitəsidir. Qızıl istənilən aparıcı və sərbəst dönərli valyutaya çevriləbilən qiymətli metaldır. Qızıl dəyər ölçüsüdür və sairdir... Odur ki, dünyada əsas aparıcı valyuta ABŞ dolları sayıldığından, onun dəyəri aşağı düşən kimi qızıl bahalaşır və onun alış-verişi sürətlənir.
Yeri gəlmişkən, ARDNF qızıl alışına ilk dəfə 25 qızıl külçə (10 000 troya unsiyası) olmaqla 2012-ci ilin fevralından başlayıb. Daha sonra 2018-2020-ci illərdə qiymət dəyişkənliyi riskini minimuma endirmək məqsədilə 30,18 ton (970 146 troya unsiyası) həcmində olmaqla mərhələli investisiya həyata keçirilib.
Sonra alışlar dayandırılıb, cari ilin əvvəlindəsə bərpa olunub. Qızılın ölkəmizə gətirilməsi Böyük Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən həyata keçirilib ki, ARDNF-in yeni inzibati binasında müasir standartlara uyğun qiymətli ləvazimatların saxlanılması üçün nəzərdə tutulan xəzinədə yerləşdirilib.
Sual olunur ki, ARDNF tərəfindən qızıl alışı nə vaxtadək yerinə yetiriləcək və yaxud yerinə yetirilməlidir?
Cavab bundan ibarətdir ki, nə qədər ki investisiya sahəsində qeyri-müəyyənlik davam edəcək, dünyada aparıcı valyutalar arasında rəqabət daha dərin xarakter daşıyacaq, neft və bir sıra digər strateji məhsullar üzrə qiymətlərdə volatillik dayanıqlı xarakter daşıyacaq, qızıla "stavka" yeganə etibarlı və sığorta vasitəsi sayılacaq. Ancaq şübhəsiz ki, müəyyən limit çərçivəsində.
O ki qaldı qızılın bahalaşmasının ölkəmiz üçün ikinci istiqamətdə effekti və səmərəsinə, Azərbaycan özü qızıl ixrac edən ölkədir. Bu qiymətli metal növünü həm hasil, həm də ixrac edirik. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68.1 min unsiya qızıl, 119.8 min unsiya gümüş satmışıq ki, 2022-ci illə müqayisədə bilavasitə bu, qızıl satışı üzrə 7% artım deməkdir. Qeyd olunan ümumi satış həcmindən qızıl üzrə 62.1 min, gümüş üzrə isə 90.8 min unsiyası xaricdə realizə edilib.
Ümumiyyətlə, 2023-cü il ərzində xarici və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib ki, bunun 210.1 milyon manatını ixrac, 22.7 milyon manatınısa daxili satış gəlirləri təşkil edib. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda isə 81% artıb. Bütövlükdə isə, 2017-2023-cü illər üzrə qızıl və gümüş satışı nəticəsində 1.19 milyard manat ümumi gəlir əldə edilib.
Son statistik məlumat isə bundan ibarətdir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1752.1 kiloqram qızıl, 2308 kiloqram gümüş istehsal edilib. Ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2% artıb, gümüş isə 23.8% azalıb. 2024-cü il oktyabr ayının birinə ölkəmizdə gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 663.5 kiloqram və 302.3 kiloqram təşkil edir.