"Son günlər mişardaşının pərakəndə satışında qiymət artımı müşahidə olunur. Xəbər doğrudur, ancaq burada müəyyən təfsilata ehtiyac var".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, mişardaşının qiymətinin artmasına bir yox, bir neçə səbəb təsir edir:
"Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və buna bənzər hallar gündəmə gəlir. Bundan başqa, yük avtomaşınlarının tutumuna texniki nəzarətin gücləndirilməsi, yanacaq qiymətləri, sərbəst ticarət amili mişardaşı qiymətlərinə təsir edə bilər.
O ki qaldı agentliyin fəaliyyətinə, monitorinqlər zamanı, təəssüflər olsun ki, bir çox hallarda mişardaşı yataqlarında qeyri-qanuni istismar hallarına rastlanır. Qeyd edim ki, son iki ayda Bakıda və Abşeron yarımadasında mişardaşı yataqlarında aparılan monitorinqlər nəticəsində 15-dən çox qeyri-qanuni hasilat faktı aşkarlanıb ki, bu da ölkə iqtisadiyyatına, ekoloji vəziyyətə ciddi mənfi təsir göstərir, eləcə də dövlətin apardığı şəffaflıq siyasətinə, prinsiplərinə ziddir".
Qurum rəsmisi vurğulayıb ki, aparılmış monitorinqlər nəticəsində müəyyən edilmiş qanunsuz fəaliyyətlə bağlı hüquqi və fiziki şəxslərə qarşı qanunamüvafiq qaydada tədbirlər həyata keçirilib.
"Bir məsələni də qeyd edim ki, qeyri-qanuni fəaliyyətin qarşısının alınması bu sahədə qiymət artımına ciddi təsir göstərə bilməz. Çünki ölkə ərazisində müvafiq qaydalara uyğun olaraq fəaliyyət göstərən yerin təki istifadəçiləri mövcuddur və onlar ölkədə mişardaşına olan tələbatı tam ödəyirlər", - deyə S.İdayətov qeyd edib.
Əzizə İsmayılova