Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə gəmilər üçün Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb
Bu gündən xarici ticarət gəmilərinin Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından keçməsi üçün tranzit qiyməti xalis tonnaj üçün 4,42 dollardan 5,07 dollara qaldırılıb.
Qərar Türkiyənin Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilib.
Rəsmi sənəddə qeyd olunur ki, tariflərin artırılması əvvəlcədən planlaşdırılıb.
Tranzit məbləğinə yenidən baxılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 oktyabr 2022-ci il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.
Yeri gəlmişkən, azərbaycanlı ekspertlər bildiriblər ki, xaricdən ölkəmizə bir sıra məhsulların gətirilməsi üçün Türkiyə boğazlarından istifadə olunur. Buna görə də yeni qərar Azərbaycana gələn yüklərin qiymətinə də təsir edəcək.
Qeyd edək ki, Bosfor və Dardanel boğazlarında gəmiçiliyi tənzimləmək üçün 1936-cı ildə imzalanmış Montrö Konvensiyasına əsasən, onlardan dayanmadan keçən ticarət gəmilərindən tibbi nəzarət, mayaklar və gəmilərin təxliyəsi xidmətləri üçün rüsumlar tutulur.
Türkiyə nümayəndələri bundan əvvəl izah etmişdilər ki, xarici gəmilərin boğazlardan istifadəsinə görə tranzit qiymətinin artırılması xəzinəyə ildə ən azı 900 milyon dollar gətirəcək.
Mənbə: TASS