Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlham və Emin Baqqayev qardaşları yenidən məhkəməyə müraciət ediblər.
"Report" xəbər verir ki, qardaşlar bir müddət əvvəl Qaradağ Rayon Məhkəməsinə ərizə yazaraq 20 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.
Qaradağ Rayon Məhkəməsi qardaşların müraciətini təmin etməyib. Qərardan narazı qalan qardaşlar apellyasiya şikayəti veriblər. Onların şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatına verilib.
Baqqayev qardaşlarının şikayətinə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala Rayon Polis Şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə beş əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədilə həmin il iyulun 30-da Daxili Qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki İmam Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri - İlham Baqqayev, Emin Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər və digər şəxslər müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli bilinən 23 nəfər tutulub.
İstintaqla müəyyən edilib ki, üç nəfərin ölümü, yeddi nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.
Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barəsində axtarış elan olunub.
Rəylər