Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Peruda "yadplanetli mumiyanı" əməliyyat etdilər: Əlində qəribə bir şey tapıldı
Peruda tapılan və "Üçbarmaqlı Naska" (tapıldığı ərazinin adına uyğun) adlandırılan "yadplanetli mumiyanın" əlinin yarılması zamanı görünüşcə gümüşü folqa parçasına bənzəyən yüngül metal implant tapılıb.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, alimlər bununla bağlı görüntülər paylaşıblar.
Şəkillərdə tədqiqatçılardan birinin üçbarmaqlı əldən pinsetlə ehtiyatla "yadplanetli implant" çıxardığı görünür.
"Bu, belə keyfiyyət və saflığa nail olunması üçün müəyyən bilik və bacarıq tələb edən çox mürəkkəb metal ərintidir. Biz metalın tərkibində alüminium, qalay, gümüş, mis, kadmium və osmium kimi elementləri müəyyən edə bildik", - deyə əlin yarılması ilə məşğul olan Meksika Hərbi Dəniz Qüvvələrinin məhkəmə-tibb eksperti doktor Xose Zalse Benites bildirib.
Şəkillərdə, həmçinin "yadplanetlinin" əlində "ovuc" sümükləri də görünür.
"İçindən metal çıxardığımız bu üçbarmaqlı əl bir müddət əvvəl Meksika Konqresində təqdim edilən mumiyaların heç birinə aid deyil. Bu əl Peruda tapılan ayrı qalıqlar seriyasının bir hissəsidir", - deyə Zalse vurğulayıb.
Həmçinin qeyd olunur ki, yarılmadan əvvəl "metal implantı" çıxarmaq üçün üçbarmaqlı əl diqqətlə rehidratasiya edilib.
"Biz toxumanı qorumaq və yarma zamanı zərəri minimuma endirmək üçün kriminalistik texnikadan istifadə etdik. Meyitlərin rehidratasiyası üçün istifadə olunan və çox dəqiq konsentrasiya faizlərinə malik olan xüsusi serumdan istifadə edilib. Bu texnika FTB tərəfindən istifadə olunur və məhkəmə-tibb araşdırmaları zamanı məlumatları bərpa etməyə, yaxud məlumat əldə etməyə kömək edir", - deyə məhkəmə-tibb eksperti bildirir.
Tədqiqatçılar qrupu təsdiq edir ki, onların yardığı əl Meksika Konqresində təqdim edilən nümunələrdəki əllərə bənzəyir.