Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 18-də Mədəniyyət paytaxtımız Şuşada başlanan Vaqif Poeziya Günlərinin açılış mərasimindən sonra görkəmli şairimiz xan qızı Xurşidbanu Natəvanın evinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illiyinə həsr olunan "Füzuli hücrələri" adlı teatral kompozisiya təqdim edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin Məhəmməd Füzulinin yaradıcılığından bəhs edən nitqindən sonra Füzulinin əsərləri əsasında hazırlanan kompozisiya nümayiş olunub.
Ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov olan bədii-musiqili nümunədə Məhəmməd Füzulinin "Bəngü-badə", "Leyli və Məcnun", "Səhhət və Mərəz", "Rindü Zahid" və s. əsərlərindən istifadə olunub.
Kompozisiyada Şuşa Dövlət Musiqili Dram, Dövlət Pantomima, Dövlət Yuğ Teatrının aktyorları, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak ediblər.
Daha sonra Vaqif poeziya günləri çərçivəsində "Sözün Vətəni - Qarabağ": İbrahim İlyaslı, Ağalar Bayramov, Ramiz Qusarçaylı, Seyran Səxavət, Elçin İsgəndərzadə, Qəşəm Nəcəfzadə, Rafiq Yusifoğlu, Xəyal Rza, Fərid Hüseyn, İntiqam Yaşar və başqaları müxtəlif mövzulu şeirlər səsləndiriblər. Hər iki tədbir tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Xanım Aydın
Rəylər