"Sonra bir neçə dəfə olub ki, beyin ölümü halları baş verdikdə qurumun əməkdaşları tərəfindən ölənin yaxınları ilə danışıqlar aparılsa da, onlar meyitin orqanlarının bağışlanmasına razılıq verməyiblər".
Bunu Oxu.Az-a müsahibəsində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. Onunla müsahibəni təqdim edirik:
- Mərkəz fəaliyyətə başlayandan sonra nə qədər əməliyyat icra olunub? Hansı orqan köçürülməsi çoxluq təşkil edir?
- Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başladıqdan indiyə kimi 151 böyrək, 73 qaraciyər, 85 sümük iliyi, 102 buynuz qişa transplantasiyası həyata keçirilib. Göründüyü kimi, ən çox böyrək transplantasiyası üstünlük təşkil edir.
- Orqan transplantasiyası üçün donor kimi müraciət edənlərin sayı nə qədərdir və onlardan neçəsinə müsbət cavab verilib?
- İki cür donor var: canlı və meyit. Beyin ölümü keçirən şəxslərdən orqanlar götürüldüyü təqdirdə həmin şəxsin sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək bununla bağlı xüsusi ərizə formasını doldurub-doldurmadığı araşdırılır. Hazırda mərkəzə bu məqsədlə müraciət edən şəxslər var, lakin onların kimliyi barədə məlumatlar tam məxfi saxlanılır və anonimlik qorunur. Məxfiliyin açılması cinayətdir.
Canlı donor isə orqan çatışmazlığından əziyyət çəkən yaxını üçün könüllü razılığı ilə donor olmaq istəyən, 18 yaşına çatmış şəxsdir. Bu şəxslər zəruri olan bütün yoxlamalardan keçməli, müvafiq analizləri verməlidirlər. Eləcə də mərkəzə həkim komissiyasının şəxsin donor ola biləcəyinə dair rəsmi rəyi verilməlidir.
- Orqanların satışı həyata keçirilir, yoxsa yalnız cərrahi əməliyyatın xərcləri hesablanır?
- Qanunsuz orqan satışı ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Əməliyyatların icrası zamanı yalnız cərrahi əməliyyatların xərcləri hesablanıb dövlət tərəfindən qarşılanır.
- Hər hansı iltizam forması varmı ki, insanlar sağlıqlarında öz iradələri ilə həmin anketi doldururlar və gələcəkdə başlarına bədbəxt hadisə gəldikdə orqanlarının bağışlanması təmin edilir?
- Şəxsin ölümündən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması Səhiyyə Nazirliyi Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 31 nömrəli qərarı ilə təsdiq edilib. Bu forma şəxs ölümündən sonra orqanlarının götürülməsinə razılaşdığını bildirdikdə və ya bundan imtina etdikdə doldurulur.
- Nə qədər belə müraciət təsdiq edilib?
- Beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib, sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı da məxfidir.
- Bəzən deyirlər ki, ailələr vəfat edən əzizlərinin orqanlarının ehtiyacı olanlara bağışlanmasını istəmirlər. Bu kimi hallar mövcuddurmu? Cəmiyyətdə orqan transplantasiyası hələ də normal qəbul edilmir, yoxsa necə?
- Mərkəz fəaliyyətə başladıqdan sonra bir neçə dəfə olub ki, beyin ölümü halları baş verdikdə qurumun əməkdaşları tərəfindən ölənin yaxınları ilə danışıqlar aparılsa da, onlar meyitin orqanlarının bağışlanmasına razılıq verməyiblər. Təəssüf ki, bu kimi hallar cəmiyyətdə normal qarşılanmır, lakin bunun aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür.
Düşünürük ki, orqanların bağışlanılması prosesinin tam şəffaflıqla həyata keçirildiyi, orqanların ehtiyacı olan şəxslərə təmənnasız formada paylanması və s. kimi yanaşmalar cəmiyyətdə formalaşdırılarsa, insanlar yaxınlarının orqanlarının bağışlanmasına daha rahat icazə verərlər. Bununla biz, əslində, tibbə və insanlığa fayda verdiyimiz kimi, həm də həyatını itirən yaxınlarımızın orqanlarının yenidən başqa bir bədəndə yaşaması kimi xoşbəxtliyə nail ola bilərik. Çünki bir insanın həyatını xilas etmək dünyanı xilas etməyə bərabərdir.
Könül Cəfərli
Rəylər