Bu gün Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Oxu.Az xatırladır ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğala məruz qaldığı 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və rayonun ətraf kəndləri erməni işğalından azad edilib.
17 Oktyabr - Füzuli Şəhəri Günüdür
Bundan bir ay sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırılıb.
Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri olub. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edilib.