"Artıq hər ötən il daha aydın müşahidə olunur ki, Avropa institutları, təşkilatları ayrı-ayrı siyasi dairələrin geosiyasi maraqlarının təmin olunmasının alətinə çevrilib və müxtəlif beynəlxalq platformalar, təşkilatlar Qərb güc mərkəzlərinin maraqlarına uyğun davranmayan subyektlərə qarşı hücum müstəvisi kimi istifadə edilməkdədir. Bu mənada Avropa Şurası Parlament Assambleyasını (AŞPA) xüsusilə vurğulamaq lazımdır".
Bunu Oxu.Az-a müsahibəsində siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, AŞPA mahiyyətindən çox-çox kənar fəaliyyətlə məşğuldur:
- AŞPA o platformadır ki, ondan açıq şəkildə Qərbin maraqlarına uyğun tərzdə davranmayan dövlətlərə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması üçün istifadə edilir. Biz hər zaman müşahidə etmişik ki, AŞPA-da Azərbaycana qarşı olduqca haqsız mövqelər sərgilənib, qərəzli mövqe nümayiş etdirilib və bu yanaşmalarda ikili standartlar siyasəti özünü aydın formada büruzə verib.
- Bəs AŞPA və digər Avropa strukturlarında Azərbaycana qarşı qərəzli mövqenin səbəbi nədir?
- Başlıca səbəb ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət yürüdür, öz maraqlarının təmin olunması üçün özünün xarici siyasət strategiyasını formalaşdırıb və öz milli maraqlarının təmin olunması üçün də bütün zəruri addımları ciddi siyasi iradəyə söykənərək həyata keçirir. Təbii ki, Azərbaycanın bu mövqeyi Qərb dairələri tərəfindən həzm edilmir və bunu da açıq-aşkar gizlətmirlər.
Bir qayda olaraq, görmüşük ki, Qərb öz nəzarəti altında olan, lakin demokratiyadan uzaq, insan hüquqlarını kobud və aşkar şəkildə pozan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini sərt şəkildə məhdudlaşdıran siyasi rejimlərlə dostluq edir və onları hətta demokratik rejim adlandırır. Amma öz milli maraqları çərçivəsində addımlar atan siyasi rejimlərə qarşı həyasızcasına siyasi döyüş cəbhəsi açır. Bu isə riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan da Cənubi Qafqaz regionunda münaqişə potensialını aradan qaldırmaqla Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının, Fransanın və bir sıra digər dairələrin region üçün təhlükəli maraqlarının təmin olunması imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bunu isə Azərbaycana bağışlamaq istəmirlər.
- Görünən odur ki, sözügedən dairələrin Azərbaycana qarşı açdığı siyasi cəbhə həm də hərbi sahədə özünü nümayiş etdirir. Məsələn, nümunə olaraq Qərb ölkələrinin Ermənistanı Azərbaycana qarşı silahlandırmasını göstərə bilərik. Bu nəyə hesablanıb?
- Atılan bu addımlar, təbii ki, regionda gərginliyin yenidən alovlanmasına və dolayısı ilə Azərbaycanın cəzalandırılmasına hesablanıb. Çünki Azərbaycan bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunması missiyasını öz üzərinə götürməklə kifayətlənmir, bu öhdəliyə layiqincə əməl edir. Biz torpaqlarımızı Ermənistanın işğalından azad etməklə Amerika Birləşmiş Ştatlarının, Fransanın regionla bağlı olduqca təhlükəli və məkrli planlarını alt-üst etmişik. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin icrasını da özümüz öz gücümüzə təmin etmişik. Amma BMT Təhlükəsizlik Şurası Azərbaycana minnətdarlıq ifadə etmək əvəzinə, ölkəmiz əleyhinə qərəzli müzakirələr təşkil etdi. Bütün bunlar bir daha göstərir ki, müxtəlif beynəlxalq təşkilatlar ABŞ-nin və Avropanın hər zaman qərəzli davranan ölkəsi Fransanın nəzarəti altındadır. Bu təşkilatları geosiyasi mübarizənin aləti kimi istifadə edirlər.
- Görünən odur ki, bu istiqamətdə Avropa Şurası Parlament Assambleyasından daha çox və aşkar istifadə olunur. Niyə məhz AŞPA?
- Çünki AŞPA dövlətlərarası əlaqələrin sıxlaşdırılması, inkişaf etdirilməsi, parlament şəbəkələrinin rolunun təmin olunduğu platformadır. Yəni əhatə dairəsi genişdir. Lakin bu assambleya elə bu qərəzli fəaliyyətlərinə görə özünü doğrulda bilmədi. Halbuki, AŞPA-nın missiyası qeyd etdiyim xüsusdan ibarət idi. Bu baxımdan, AŞPA Avropa platformasında konstruktiv dialoq və əməkdaşlığa çox ciddi zərbə vurur, dünyada konfrontasiyanı sürətləndirir, sülh və təhlükəsizlik mühitinə ciddi xələl gətirir. AŞPA həm də açıq-aydın göstərir ki, çoxqütblü dünya nizamına keçid etmək lazımdır ki, dövlətlər öz müstəqil siyasətlərini daha uğurla və inamla həyata keçirsinlər. Azərbaycan isə bütün bunlara rəğmən, öz iradəsi ilə milli maraqları çərçivəsində fəaliyyətini daha inamlı davam etdirməklə müstəqil dövlətlərin rolunun qaldığını bir daha sübut etməkdədir. Ona görə də Azərbaycana qarşı yönələn istənilən məkrli plan mütləq uğursuzluğa düçar olacaq.
- AŞPA-nın qərəzli fəaliyyətindən danışarkən qurumun Almaniyadan olan deputatı Frank Şvabenin adı daha çox yada düşür. Onun Azərbaycan əleyhinə saxta və qərəzli ittihamları nədən qaynaqlanır?
- Biz dəfələrlə görmüşük ki, Frank Şvabe çox böyük həvəslə ermənilərin əlində alət rolunda çıxış edir. Bütövlükdə Şvabenin fəaliyyəti AŞPA ilə yanaşı, həm də Almaniya Bundestaqı haqqında təsəvvürlər formalaşdırır ki, bu qurum müstəqil fəaliyyət göstərmir. Çünki bu təşkilatlarda təmsil olunan Frank Şvabe hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, ölkəmizə qarşı açıq şəkildə qərəzli kampaniya aparan deputatdır. Bu həm də sözügedən platformalarda Azərbaycana qarşı qəbuledilməz siyasi mövqenin formalaşdırılmasında Şvabenin fəal rolunun olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edəndən sonra Şvabe ölkəmizə qarşı xüsusi canfəşanlıqla kampaniya aparmağa başlamışdı. Bunun özü də növbəti dəfə sübut etmişdi ki, Frank Şvabe, sadəcə olaraq, ermənilərin əlində bir alətdir və onun fəaliyyəti həm də Avropa institutlarında erməni təsirinin olduğunun əyani sübutudur.
Mərahim Nəsib