"Azərbaycan Qarabağ və ətraf rayonlardakı talanlara görə Ermənistandan təzminat istəməlidir. Bu təzminat 3 istiqamətdə olmalıdır - dövlət, kollektiv və fərdi. Yəni, Azərbaycan dövlət olaraq, Azərbaycan xalqı kollektiv şəkildə, qaçqın düşmüş Azərbaycan vətəndaşı fərdi şəkildə təzminat tələb etməlidir".
Bu sözləri Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, 30 il işğal altında qalan ərazilərimizdən dövlət müəssisələri, ekoloji resurslar, mədəni və tarixi irsimiz, mülki insanların mülkiyyəti talanıb, yer üzündən silinib, qanunsuz istifadə və istismar olunub:
"Azərbaycanda və xaricdə Ermənistanın hüquqi-siyasi vəkilliyini aparmağa çalışan dairələr isə belə bir təbliğat aparırlar ki, Azərbaycan təzminat tələb edə bilməz. Amma bu, belə deyil. Qeyd edim ki, BMT Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsi ilə bağlı Azərbaycana dəyən ziyan haqqında 2000-ci ildə yaydığı rəsmi hesabatda dəymiş ziyanın qismən hesablanmaqla əksini tapan məbləğ var. Amma BMT-nin bu hesabatı cəmi 7 ili: 1993-2000-ci illəri əhatə edir və 53,5 milyard dollarlıq ziyan yalnız işğalın ilk 7 ili üçün hesablanıb. İşğalın sonrakı 20 ili üçün dəyən ziyan hələ hesablanmayıb. Torpaqlarımızı 2020-ci ildə işğaldan azad etdiyimiz üçün, deməli bu məbləğ 3 dəfə çoxdur".
"Yüzminlərlə vətəndaşımızın həyatına, psixologiyasına dəymiş ziyanlar, uşaqların azad və xoşbəxt yaşama hüququ, təhsil almaq hüququ, qadınların təhlükəsiz yaşama hüququ, yaşanmamış və puç olan uşaqlıq və gəncliklər və s. kimi məqamlar var ki, hüquq bu məqamların da iqtisadi ekvivalentini nəzərə ala və təzminat olaraq qəbul edə bilir. Aydın məsələdir ki, Ermənistanın təzminat ödəməsi üçün resursları yoxdur, amma Ermənistanın dövlət mülkiyyətləri - enerji təchizatı, mədən, sənaye və s. mülkiyyətləri mövcuddur ki, bu da təzminat olaraq dəyərləndirilə bilər", - deyə ekspert əlavə edib.
İqtisadçı-alim Emin Qəribli isə Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı ilkin hesablamalar aparılıb, lakin dəqiq rəqəm yoxdur:
"Yəni, bu rəqəm İkinci Qarabağ müharibəsindən əvvəl olub, o da konkret olaraq müəyyənləşməyib. İndi bu istiqamətdə monitorinqlər aparılır, proses qiymətləndirilir və bu zərər milyardlarla dollar dəyərindədir. Hətta təxmini bir trilyon dollar olacaq. Amma dəqiq hesablama hələ bitməyib. Hətta bir çox mütəxəssislər hesab edirlər ki, bu zərərin dəyəri bir trilyon dolları da keçə bilər. Ona görə də mütləq bu zərər hesablanmalı, təzminat alınmalıdır".
"Ən azından, bizim gələcək nəsillər və dünya ictimaiyyəti bilməlidir ki, ermənilər bizim əraziləri necə talayıblar. Çünki burada bir çox məqam var. Həm bizim təbii ehtiyatlarımız talanıb, həm ekologiyaya ziyan vurulub, həm də əhali zərər görüb. Bütün bunların hamısı hesablanmalı və ortaya konkret bir məbləğ çıxmalıdır. Yəqin ki, yaxın zamanlarda bu hesablama aparılacaq və ictimaiyyətə elan olunacaq", - deyə iqtisadçı əlavə edib.
Mərahim Nəsib