İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə şirkətlə birgə fəaliyyət çərçivəsində həyata keçirilən layihələr, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlığın və səmərəliliyin artırılması üzrə əməkdaşlıq nəzərdən keçirilib. Dayanıqlı biznes həlləri, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və dekarbonizasiya istiqamətində tərəfdaşlıq məsələlərinə toxunulub.
Tərəflər yaşıl enerji sahəsində ölkəmizin zəngin potensialından səmərəli istifadənin, iqlim fəaliyyətinin beynəxalq standartlara uyğun təşkilinin və bərpa olunan enerjiyə investisiyaların artırılmasının əhəmiyyətini vurğulayıblar. Enerji keçidinin təşviqi və bu xüsusda şirkətin ölkəmizin yaşıl gələcəyinə verə biləcəyi töhfələr, həmçinin SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.