Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bortnikov: "NATO "sülhməramlı" adı altında öz kontingentini Cənubi Qafqazda yerləşdirməyə çalışır"
"Qərb guya İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün özünün "sülhməramlı" kontingentini NATO ölkələrindən gətirib Cənubi Qafqazda yerləşdirməyə çalışır".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının iclasında deyib.
"Amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin bərqərar olmasında açıq şəkildə maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları ləngitməyə meyilləndirməklə Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün "sülhməramlı" kontingentinin - BMT-nin himayəsi altında de-yure və NATO-nin himayəsi altında de-fakto yerləşdirilməsinə nail olmağa çalışır", - deyə o xəbərdarlıq edib.
"Bu cür "sülhməramlılığın" mümkün xarakteri artıq onda özünü göstərir ki, Ermənistanda, Azərbaycanla sərhədin yaxınlığında yerləşdirilmiş "Aİ-nin müstəqil mülki müşahidə missiyası" adlanan missiya konkret NATO ölkəsinin maraqları üçün Rusiyaya və bizim tərəfdaşlarımıza qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir", - deyə Bortnikov vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, imtiyazlı silah tədarükü və təhlükəsizlik təminatları müqabilində Qərb Ermənistan hökumətinin KTMT-dən çıxmasına çalışır və bu da İrəvanı Bakı ilə gələcək münasibətləri məsələlərində Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq.