“Müstəqilliyini əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlərə imza atdı. İqtisadi müstəqilliyin tam təmin edilməsi məqsədilə çoxvektorlu iqtisadi siyasət, geniş iqtisadi və sosial proqramlar həyata keçirilməklə düzgün və mükəmməl idarəetmə modeli tətbiq edildi. Eyni zamanda beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edən və əhalinin rifah halına birbaşa təsir göstərən proqram və layihələr iqtisadiyyatın davamlı inkişafı ilə bağlı prioritetə çevrildi”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafı, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən görülmüş əməli işlər çərçivəsində 200 milyard dolları qeyri-neft sektorunun payına düşməklə Azərbaycan iqtisadiyyatına ümumilikdə 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, habelə beynəlxalq və regional təşkilatlarla, eyni zamanda Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə hökumətimiz arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşıb:
“Bu gün Azərbaycan əldə etdiyi nailiyyətləri yüksək səviyyədə bütün beynəlxalq platformalarda nümayiş etdirir, eləcə də tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, bir daha dünya siyasətinə davamlı iqtisadi inkişafa nail olmağın yollarını göstərir.
Bu baxımdan 9 noyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin qardaş Özbəkistana rəsmi səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) keçirilən16-cı Zirvə toplantısında iştirakı, daha sonra orada təşkilata üzv dövlətlərin başçıları ilə ECO-nun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən bir sıra ikitərəfli görüşlərinin baş tutması ölkəmizin təşkilat üçün əhəmiyyətini ortaya qoydu, habelə enerji təhlükəsizliyi, regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir.
Region ölkələrini özündə birləşdirən, çox böyük resurs və potensiala malik qurumlardan biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində hər zaman fəal iştirak edib.
Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olub (Hazırda Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan təşkilatın üzv dövlətləridir).
ECO-nun əsas məqsədi üzv ölkələrin və bütövlükdə bölgənin davamlı inkişafına töhfə verməkdən ibarətdir.
Azərbaycan Respublikası ECO Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilata üzv olub. Azərbaycan ECO daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan tərəfindən 10 müxtəlif saziş imzalanıb. ECO-nun 9 və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, bəyannamələr qəbul edilib”.
Deputat Daşkənddə keçirilən Zirvə Toplantısında Azərbaycanın əldə etdiyi Zəfərin üçüncü ildönümünün, o cümlədən cari ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa edilməsinin üzv dövlətlər tərəfindən dəstəklənməsi, Prezident İlham Əliyevin etdiyi dərin və məzmunlu çıxışının iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanması xüsusi qürurverici məqamdır:
“Ölkə başçısı Zirvə Toplantısındakı nitqində ölkəmizin malik olduğu iqtisadi potensialdan, regional inkişafa, həmçinin təşkilata üzv ölkələr arasında loqistik əlaqələrin daha da möhkəmlənməsinə verilən töhfələrdən bəhs edərək, bərpaolunan enerji sektorunun inkişafı istiqamətində görülən işləri statistik rəqəmlərlə diqqətə çatdırdı: “Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 giqavat külək və Günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 giqavat külək enerjisi təşkil edir”.
Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə son üç il ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyi və yaxın gələcəkdə bu rəqəmin 500 meqavata çatacağı qeyd olundu.
Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın ECO-nun bir çox ölkələri üçün tranzit-nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsi ilə bağlı milyardlarla ABŞ dolları həcmində qoyulan sərmayənin ECO məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu ortaya qoydu.
Beləliklə, Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut etmişdir. Yalnız iki ölkəyə deyil, eyni zamanda Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq”.
“Bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. Doğma Qarabağımızda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdədir”, - deyə deputat fikrini yekunlaşdırıb.