"27 sentyabr Azərbaycanda Anım Günüdür - ölkə şəhidlərinin əziz xatirəsini böyük ehtiramla yad edirik. Şəhidlik uca zirvədir və bunu özünə şərəfli missiya seçənlərə - vətənin ərazi bütövlüyünü bərpa etmək, gələcək nəsillərin rahat və təhlükəsiz yaşaması üçün canını fəda edənlərə nəsib olan müqəddəs bir ünvandır. Bu yolda can almaq da, can vermək də şərəfdir. Onlar öz vətənlərini qorumaq üçün ən yüksək fədakarlığı göstərib, canlarını verərək xalqımızın qəhrəmanlıq salnaməsinə adlarını qızıl hərflərlə yazıblar. Şəhidlərimizin şücaətləri gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Müsahibimiz bildirib ki, 1990-cı illərin əvvəlindən başlayaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edərək xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb və çoxsaylı vandalizm aktları törədib:
"BMT Təhlükəsizlik Şurasının ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı qətnamələrinə məhəl qoymayaraq Ermənistan işğalçılıq siyasətini davam etdirib. Ermənistan hökuməti işğal etdiyi Azərbaycana məxsus bütün yaşayış məntəqələrinin və toponimlərinin adlarını dəyişdirib, tarixi-mədəni irsini, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə alıb, onları vandalizmə məruz qoyub və bütün Azərbaycan irsinin Ermənistanda ardıcıl olaraq məhv edilməsi yönündə məqsədyönlü siyasət yürüdüb.
Lakin İkinci Qarabağ müharibəsi ilə uzun müddət davam edən tarixi ədalətsizliyə son qoyuldu. Təəssüf ki, bu nailiyyətlər sülh masasında deyil, müharibə meydanında qazanıldı. Nə beynəlxalq ictimaiyyət, nə ikitərəfli, nə də çoxtərəfli danışıqlar, münaqişənin həlli üçün yaradılan qurumlar öz vəzifəsini yerinə yetirə bildi. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi və torpaqlarını işğaldan azad etdi. 2020-ci ildə Azərbaycan düşmənçilik və etnik dözümsüzlüyün yerinə, haqq mübarizəsinin nəticələrini - torpaqlarımızın azad edilməsini və həmin torpaqların əsl sahiblərinə qaytarılmasını təmin etdi. Eyni zamanda, bu hadisə bölgədə yeni bir dövrün başlanğıcını, genişmiqyaslı siyasi-iqtisadi proseslərin və çoxtərəfli regional əməkdaşlığın təməlini qoydu".
"Vətən müharibəsi bizim şanlı qələbəmizin başlanğıcı idi və Azərbaycanın tarixi zəfərinin elan olunması ilə sona çatdı. Noyabrın 9-dək Azərbaycan ordusu beş şəhəri, dörd qəsəbəni və 286 kəndi düşmən işğalından azad etdi. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə mərhələli şəkildə ölkəmizə qaytarıldı. 2023-cü ilin 19-20 sentyabrında isə zəfəri davam etdirən Azərbaycan Silahlı Qüvvələri son nöqtəni qoydu. 23 saat 45 dəqiqə ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ölkə boyu tam bərpa edilərək, torpaqlarımızda terrorizmə və separatizmə son qoyuldu. Azərbaycanın yenilməz və rəşadətli ordusu bu mübarizədə düşmənin bütün məkrli planlarını pozdu və qondarma rejimi tarixdən sildi. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidlərini rəsmən təsdiq etdi və bu ərazilərə öz tarixi adlarını geri qaytardı. Minlərlə azərbaycanlı öz doğma ata-baba yurduna qayıtmaq, yaxınlarının qəbirlərini ziyarət etmək, öz doğulub-böyüdükləri evləri yenidən görə bilmək imkanı əldə etdilər", - deyə deputat vurğulayıb.
Parlamentari əlavə edib ki, şəhidlərimizin fədakarlığı vətən sevgisinin simvoluna çevrilib:
"Bu tarix həm də Qarabağda erməni işğalına son qoymaq üçün ölkəmizin hərbi-siyasi qüdrətinin nümayiş olunduğu, xalqımızın milli ruh və həmrəyliyinin zirvəyə çatdığı mühüm bir məqamdır. 27 sentyabr Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və düşmən təxribatlarına son qoymaq üçün iradəmizin güclü bir simvolu oldu. Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi şücaəti dərin minnətdarlıqla anırıq. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda həyatlarını fəda etmiş qəhrəmanların xatirəsi qəlblərimizdə əbədi - sönməz məşəl kimi yaşayacaq".
Hərbi ekspert Azər Bayramov isə Oxu.Az-a açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması və 44 gün davam edən müharibə 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazıldı. Uğurlu əks-hücum əməliyyatında düşmənin möhkəmləndirilən müdafiə xəttini yaran Azərbaycan Ordusu ənənəvi üsullardan fərqli olaraq həyata keçirdiyi taktika və manevrlərlə düşmənin idarəetməsində, koordinasiyasında və ehtiyatların effektiv şəkildə tətbiqində ciddi problemlər yaratdı. Azərbaycan Ordusu müasir müharibələrin aparılmasında dünya üçün nümunə olacaq döyüş üsulu sərgilədi. Məhz bu kimi fəaliyyətlər dünyanın bir çox ölkələrinin hərbi tədris müəssisələri tərəfindən 44 günlük müharibədə Azərbaycan təcrübəsinin öyrənilməsi üçün səbəb yaratdı".
"Ordumuzun həyata keçirdiyi əks-hücumda, əsasən, düşmən dərinliyində fəaliyyət, sızma, kəşfiyyat, kütləvi və effektiv atəşlə hədəflərin sıradan çıxarılması, dron və PUA kimi vasitələrdən zərbələr tətbiq olundu. Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər bəzi münaqişələrdə PUA-lardan istifadə edilsə də, bu proses geniş miqyasda və effektiv şəkildə ilk dəfə İkinci Qarabağ müharibəsində tətbiq edildi. Əlbəttə ki, tank və zirehli texnikaların sıradan çıxarılmasında PUA-ların təsir gücü məhz bir çox ölkələrin rəsmilərinin öz hərbi strategiyalarında və silahlanmasında islahatlara ehtiyac olduğunu bildirməsinə rəvac verdi", - Bayramov vurğulayıb.
Müsahibimiz qeyd edib ki, əldə edilən qələbə Vətən müharibəsinə qədər Azərbaycan Ordusunun daim inkişafda olmasının təcəssümü idi:
"Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə yanaşı, ordumuzun müasir silah-sursat və texnika ilə təchizatı yönündə verilmiş qərarlar bizi qələbəyə aparan amillərdən biridir. Lakin əldə edilən uğurlara baxmayaraq, müdafiə və təhlükəsizlik məsələləri Azərbaycan dövlətinin əsas hədəflərindən biri olaraq qalmaqdadır. Bununla bağlı məhz Ali Baş Komandanın göstərişinə əsasən, yeni komando birliklərinin yaradıılması, xüsusi təyinatlıların sayının artırılması, onların yeni silah-sursat və texnika ilə təchiz edilməsi, paralel olaraq müdafiə və təhlükəsizlik xərclərinin artırılması bu istiqamətdə atılmış önəmli addımlardır. Əlbəttə ki, görülən tədbirlər Ordumuzun güclənməsinə xidmət edir. Nəticə olaraq, bu gün rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş istənilən tapşırığın öhdəsindən gəlmək qüdrətindədir".
Mərahim Nəsib