Bir müddətdir Ermənistanın siyasi kulislərində gəzən söhbətlərə görə, payız aylarının Nikol Paşinyan hakimiyyəti üçün xüsusilə ağır keçəcəyi bildirilir. "Vətən naminə Tavuş" hərəkatını 12 iyun hadisələrindən sonra pauza rejiminə keçirən yepiskop Baqrat Qalstanyan bir sıra bölgələrə səfər edir, yerli sakinlərlə görüşür, kənd-kənd gəzərək tərəfdar toplamağa çalışır. Erməni keşişi və ətrafı sentyabr ayından hərəkatın yeni aksiyalara start verəcəyini və sıralarına müxalif qrupları, siyasi dairələri cəlb etdiyini bildirir. Elə bir gün yoxdur ki, erməni mətbuatında Baqratın keçirdiyi görüşlər barədə məlumat dərc edilməsin. Müxalifətə yaxın KİV-lər bu görüşləri, müzakirələri, açıqlamaları dayanmadan tirajlayır. Xüsusilə də deputat Qeqam Manukyana məxsus "Yerkir Media" bu işdə canfəşanlıq edir, bütün görüşləri canlı yayımlayır, xalqı keşişlə söhbətə təşviq etmək üçün müxtəlif elanlar yayımlayır, politoloqlardan şərhlər paylaşır. Təbii ki, baş verənlər hakim partiya tərəfindən diqqətlə izlənilir və əks planlar hazırlanır.
Baş nazir Nikol Paşinyan məzuniyyətdə olduğu dövrdə də bölgələrə baş çəkir, yerli xalqla görüşlər keçirir və düşən reytinqini bərpa etməyə çalışır. Erməni siyasətçinin son iki həftədə qarşısına qoyduğu məqsədlərdən biri də xalqa "mən sizdən biriyəm" mesajını çatdırmaqdır. Bunun üçün Baş Nazirlik Aparatının hazırladığı PR aksiyaya uyğun olaraq, Paşinyanın xanımı Anna Akopyanla iki video yayımlanıb. Videoların birində bazarlıqdan gələn baş nazir ərzaqları həyat yoldaşına təqdim edir, o da müxtəlif təamlar hazırlayır. İkinci videoçarxda isə bağ evində dincələn siyasətçi telefonla çəkiliş apararaq Annanın lobya təmizlədiyini və axşama lobya bişirəcəyini bildirir. Bununla belə, sözügedən çəkilişlər müxalif mediada əks-effekt verib. Tirajlanan xəbərdə özünü xalqın sadə nümayəndəsi kimi təqdim edən Nikolun son vaxtlar taxdığı papağı daşımaq üçün xüsusi adam tutduğu, bunun video və foto kadrlarla sübuta yetirildiyi məlum olub.
Paşinyandan sonra parlamentin sədri Alen Simonyan da bölgələrə səfər edib, yerli sakinlərlə bol-bol şəkil çəkdirib. Bu, söyləməyə əsas verir ki, hakim partiya payıza hazırlıq işlərinə start verib, xalqın etimadını qazanmaq və etirazlara qoşulmasını əngəlləmək üçün bir sıra planlar hazırlayıb. Bunlardan biri də Baqratın görüşlər keçirdiyi icma rəhbərlərinə ciddi xəbərdarlıq edilməsi ilə bağlıdır. Erməni keşişin Zəngəzur, Araqatsotnum kimi regionlara səfərində onu qarşılayan, küçələrə çıxan insanlar olsa da, Qeqarkunik bölgəsində onunla görüşə cəmi 5-10 nəfər gəlmişdi. Bu, partiya xəbərdarlığının işə yaradığını və Baqratı tərkisilah etmək planının həyata keçdiyini göstərir.
Ümumiyyətlə, yepiskopun səfərindən əvvəl yerli hökumət partiya təlimatı əsasında icma rəhbərlərinə, icra strukturlarına xəbərdarlıq edir ki, hərəkatın lideri ilə görüşlərin izdihamlı keçməsi ciddi nəticələrə səbəb ola bilər. Ehtimal ki, burada söhbət dövlət proqramlarından və subsidiyalardan gedir. Hakim komandanın əmrinə tabe olmayan icra strukturları proqramlardan və subsidiyalardan məhrum ola bilərlər.
Bundan əlavə, məlum olub ki, dünən "Vətəndaş müqaviləsi"nin iclası keçirilib. İclasda alınan qərarlardan biri də partiyadaxili "təmizləmələr"lə bağlıdır. Bunun məqsədi həm payıza hazırlıq, həm də 2026-cı ildə keçiriləcək parlament seçkisində qalib gəlməkdir. Məsələn, Qurqen Arsenyanın deputat səlahiyyətlərinə xitam verilib. Onun payızda Rusiyaya səfir təyin ediləcəyi gözlənilir. Eyni zamanda bildirilir ki, payız aylarında bir sıra təyinatlar və işdən çıxarılmalar gözlənilir. Hakim partiya Şenqavit bölgəsinə Tiqran Makaryanın, Abovyan bölgəsinə Ovanes Abramyanın, Berd bölgəsinə isə Sevak Badalyanın namizədliyini təsdiqləyib. Bu yolla Paşinyan bölgələrdə və inzibati rayonlarda nüfuzundan istifadə edərək, onlara verilən tapşırıqları pozmayacaq adamları ələ keçirməyə çalışır. Nazirlər Kabinetinin rəhbərinin mütəmadi olaraq rayonlara və paytaxtın müxtəlif inzibati rayonlarına səfər etməsinin başqa səbəbi də budur. Yaxın vaxtlarda isə bir sıra inzibati rayonlarda hakim partiya namizədlərinin yeniləri ilə əvəzlənəcəyi ehtimal edilir.
Eyni zamanda, payıza hazırlıq çərçivəsində bəzi şəxslərin susdurulması planına da start verilib. Məsələn, Baqratın təşkil etdiyi aksiyalarda insanları pul qarşılığında mitinqə çağıran Gerasim Vardanyanın həbs müddətinin uzadılacağı ehtimal edilir. Bu, təkcə Gerasimə deyil, Daşnaksütyun partiyasının digər üzvlərinə də mesajdır ki, yepiskopa qoşulanların sonu həbsxanada bitir. Bundan əlavə, "İmnemnim" podkastının həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyana qarşı açılan cinayət işi hələ də davam edir. Sözügedən şəxslər həm hökumət başçısını tənqid etdiklərinə, həm də Baqrat Qalstanyanı dəstəklədiklərinə görə həbs ediliblər. Qarşıdan payız aksiyalarının başlayacağı ehtimal edildiyi üçün bu jurnalistlərin işinin uzadılması hakimiyyətin sifarişi hesab olunur.
Erməni yepiskopunun əsas dəstəkçilərindən sayılan Serj Sarkisyan ətrafında da halqanı daraltmaq planı start götürüb. Bir neçə gün əvvəl Ermənistanın üçüncü prezidentinin qardaşı Aleksandr Sarqsyan və ailə üzvləri prokurorluğa dəvət edilib və qeyri-qanuni yolla əldə edilmiş əmlaklarının müsadirəsi tələb edilib. Bu, ailəyə qarşı ilk ittiham deyil. Aleksandr və iki oğlu Ayk və Narek hələ 2018-ci ildən ciddi nəzarət altındadır. 2021-ci ildə İrəvan məhkəməsi Nareki qeyri-qanuni silah saxlamaq, narkotik maddə istifadə etmək və insan oğurlamaq maddələri ilə 5.5 il müddətinə azadlıqdan məhrum edib. Bu dəfə də Serjin qardaşı xaricə üz tutub və məhkəmədən yayınaraq məsuliyyətdən qurtulmağa çalışır. Amma "Vətəndaş müqaviləsi"nin Sarqsyan ailəsinə qarşı səlib yürüşü bununla bitmir. Eks-prezidentin kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı cinayət işi açılıb. Bildirilir ki, Mikael Minasyan xüsusilə böyük miqyasda dələduzluq, rəqabətə zidd fəaliyyətlər, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması üçün kriminal qruplaşma yaradıb və ona rəhbərlik edib. İttihama görə, sabiq səfir hərəkətləri ilə dövlətə 350 milyon dollar ziyan vurub.
Paşinyan komandasının cəza mexanizmi bununla bitmir. İrəvan meri Tiqran Avinyanın ətrafındakı halqa da getdikcə daralır. Bələdiyyə sədrinin özünü müstəqil şəxs kimi aparması, Baqrat Qalstanyana gizli rəğbət bəsləməsi, "Vətən naminə Tavuş" hərəkatının aksiyalarını tənqid etməməsi Baş nazirin qəzəbinə tuş gəlib. Avinyanın idarəolunmaz şəxs kimi tanınması qarşıdan gələn seçkilərdə böyük uğursuzluğa səbəb ola bilər. Buna görə də, Ərəbkir və Kanaker-Zeytun rayonlarının rəhbərləri Aram Azatyan və Artak Hovakimyan həbs edilib. Sözügedən şəxslər Tiqranın ən yaxın adamları sayılırdı və hakim partiya bu məlumatı aldıqdan sonra meri tərkisilah etmək üçün yaxın çevrəsinə qarşı hərəkətə keçib. Bundan əlavə, Tiqranın Paşinyanın əzəli rəqibi olan "Respublika" partiyasının üzvü Samvel Aleksanyanın kürəkəninə İrəvanın bahalı rayonundakı böyük torpaq sahəsini ucuz satması da narazılıqlara səbəb olub.
Ehtimal etmək olar ki, sentyabr ayında Avinyana qarşı etimadsızlıq prosesi başlayacaq. Çünki Ermənistan qanunlarına əsasən, mer seçilən şəxs bir il müddətinə toxunulmazlıq statusuna sahib olur. Bu müddət bitdikdən sonra isə "Vətəndaş müqaviləsi" konkret hərəkətə keçəcək, ağsaqqallar şurası vasitəsilə etimadsızlıq votumu yaradacaq. Onun yerinə Armen Pambuxçyan nəzərdə tutulub. Müstəqil qərar verməyən, hər məsələdə hakim partiya ilə məsləhətləşən, hakimiyyətin bütün tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirən Armen Paşinyan üçün ideal namizəd sayılır.
Beləliklə, payız aylarına hakim partiyada ciddi hazırlıq gedir. Paşinyan və yaxın çevrəsi qarşılarına qoyduqları məqsədə çatmaq üçün bütün üsullara əl atacaqlar. Hətta mitinqlərdə çiyin-çiyinə dayandığı Tiqran Avinyanı belə qurban verməyə hazır olan baş nazirin rəqiblərinə hansı planları hazırladığını ehtimal etmək olar. Yaxın vaxtlarda bir sıra təqiblərə şahid olacağımız şübhəsizdir. Eyni zamanda bəzi vəzifəli şəxslərin postları ilə vidalaşacağını da söyləmək olar.
"Report" İnformasiya Agentliyi