"Bu gün səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.
"Bildiyiniz kimi, qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 'BE-200ÇS' amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən beş saat sonra təyyarəmiz İzmir hava limanında yerə enəcək və səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik", - o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.