"İtaliya COP29 iqlim və sülh təşəbbüsündə aparıcı tərəfdaş olmaqdan qürur duyur və bu problemin öhdəsindən gəlmək üçün tam öhdəliyimizi nümayiş etdiririk".
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi Professor Françesko Korvaro COP29 konfransı çərçivəsində keçirilən "İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət" adlı Yüksəksəviyyəli Paneldə çıxışı zamanı deyib.
O, iqlim dəyişikliyini əsrin, bəşəriyyətin problemlərindən biri olduğunu qeyd edib:
"Biz fövqəladə təbiət hadisələrinin intensivliyi və tezliyi artdığı və bütün dünyada insanların əziyyət çəkdiyi bir reallıqla qarşılaşırıq. Ancaq bütün ölkələr eyni dərəcədə təsirlənmir. Bəzi bölgələr iqlim dəyişikliyinin təsirinə qarşı daha həssasdır və onu yumşaltmağa və uyğunlaşmağa daha az hazırdır. Dünyanın eyni bölgələrində iqlim dəyişikliyinin mənfi nəticələri sosial qeyri-sabitliyi gücləndirə və su kimi təbii ehtiyatlara çıxış üçün rəqabəti artıra bilər.
İqlim dəyişikliyi su qıtlığını, ərzaq təhlükəsizliyini və torpağın deqradasiyasını gücləndirən qlobal təhlükədir. Bu amillər regionlarda sabitliyi poza və bütün icmaları riskə ataraq münaqişəyə səbəb ola bilər. Aramızda ən həssas olanlar, qadınlar, uşaqlar və münaqişədən təsirlənmiş ərazilərdə yaşayanlar bu böhrandan qeyri-mütənasib şəkildə təsirlənirlər. Bu kontekstdə İtaliya öz həyati rolunu və məsuliyyətini dərk edir. Hörmətli tərəfdaşlarımız olan Azərbaycan, Misir, Almaniya, BƏƏ və Böyük Britaniya ilə yanaşı, biz Bakı İqlim və Sülh Fəaliyyəti Aktı çərçivəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə sadiqik".
Mərahim Nəsib