"Frank Peloninin bəyanatları Azərbaycana COP29-da iştirak üçün gəlmədiyini açıq şəkildə göstərir".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub:
"ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frenk Peloni COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır.
Əvvəlcə qeyd etmək lazımdır ki, F.Peloni onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb.
Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Peloniyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur. Lakin F.Peloni dinc nümayişçilərin qarşısına çıxaraq onlardan üzr istəmək və qaldırdıqları suallara cavab vermək əvəzinə, mühafizəçilərini aralarında qadınlar olan dinc nümayişçilərin üzərinə göndərib və onların xəsarət almasına səbəb olub.
F.Peloninin səfərdən sonra verdiyi bəyanatlar onun Azərbaycana nə iqlim dəyişikliyi konfransında iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi.
Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan dövləti və ictimaiyyəti həmişə dialoqun tərəfdarı olub. F.Peloni və onun kimi bəzi irqçi siyasətçilər isə əksinə həmişə dialoqdan qaçıb, şər-böhtan, şantaj siyasətinə üstünlük veriblər.
Qərbi Azərbaycan İcması olaraq, F.Peloninin ucuz şoularını və onun nümunəsində bəzi Qərb dairələrində kök salmış Azərbaycanofob meyilləri kəskin şəkildə qınayır, bu siyasətçilərdən regionda sülhün bərqərar olmasına maneçilik törətməməyə və Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir".