"Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir".
AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib:
"Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir".
Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulan orta məktəbə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.