Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə həyata keçirib.
Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.
Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, ikiminarəli, üçnefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. Eyni zamanda, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı aşkar edilib.
15:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Bu barədə President.az xəbər verir.