Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlham Əliyevin çıxışı: Azərbaycan ENERJİSİNİ artırır və üç güc mərkəzi arasında balansı saxlayır
"Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsindəki çıxışı ilə Azərbaycanın enerji təhlükəsizliyi prizmasındakı mövcud və perspektiv potensial imkanlarını dünya ictimaiyyətinin diqqətinə çatdırdı".
Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Bildirək ki, iyunun 4-də dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Prezident açılışda çıxış edib və deyib:
"Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.
Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır".
Aqşin Kərimovun fikrincə, İlham Əliyevin çıxışı Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki gücünü, bunun ümumi regional təhlükəsizlik arxitekturasındakı müsbət rolunu vurğulayır.
"Azərbaycan artıq Avro-Atlantik məkanın enerji xəritəsinə yön verən oyunçuya çevrilib. Bununla yanaşı, Prezident iqlim dəyişikliyi mövzusuna Azərbaycanda keçiriləcək COP29 mötəbər beynəlxalq tədbir fonunda da nəzər saldı. Üstəlik, Azərbaycanın bərpaolunan enerji resursları cədvəlindəki rəqəmləri qeyd etdi və perspektiv hədəfləri açıqladı. Bunlar Azərbaycanın enerji təhlükəsizliyindəki mühüm yeri ilə yanaşı, regional və qlobal təhlükəsizlik sahələrindəki möhkəmlənən yerini də vurğulayır", - deyə A.Kərimov bildirib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın Avropaya ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji ixrac etmək planının mənzərəsində yeni yol xəritəsi açılır.
"Yəni Azərbaycan COP29-a ev sahibliyi etməklə yaşıl enerji ixracına əlavə dəstək mexanizmləri qazanacaq. Həm də rəsmi Bakı "yaşıl dünyalı" geostrateji nizama hazırlıq məqsədlərini irəlilədəcək. Bu, Azərbaycanın artıq üç qlobal güc mərkəzi - Rusiya, ABŞ və Çin - arasındakı strateji balansını qoruyub-saxlamasına yardımçı olacaq", - deyə Aqşin Kərimov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışında onu da deyib ki, hazırda iki layihə işlənilməkdədir - onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq.
İlham Əliyev qeyd edib ki, bununla da Azərbaycanın bərpaolunan enerji potensialı iki giqavata yaxın olacaq:
"Buraya təkcə Günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək, görərik ki, 2027-ci ilədək iki giqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır".
Könül Cəfərli
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Donald Trampa zəng edib
- İlham Əliyev azərbaycanlı professoru təltif etdi
- Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılır - QANUN
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- İlham Əliyev surinamlı həmkarına məktub göndərib