ABŞ kənd təsərrüfatı qurumunun keçmiş yüksəkvəzifəli məmuru Ted Makkinni rüşvətlə bağlı məhkəmə prosesində ermənipərəst senator Bob Menendesi "yaramaz" adlandırıb.
Ted Makkinninin sözlərinə görə, Menendes Misirə ixrac edilən ətin sertifikatlaşdırılması ilə bağlı beş il əvvəl qurulmuş monopoliyanın çökdürülməsində ona mane olmağa çalışıb.
Bu barədə "CBS News" nəşrində material dərc olunub.
Makkinni bildirib ki, 2019-cu ildə, Nyu-Cersidən olan iş adamı Vael Hana ABŞ-dən Misirə ixrac edilən ətin islami qidalanma standartlarına uyğun olaraq sertifikatlaşdırılması üzrə müstəsna hüquq əldə etdikdən qısa müddət sonra senator ona zəng edib.
Hana 2018-ci ildən 2022-ci ilə qədər Menendesə və həyat yoldaşına qızıl külçələr və onminlərlə dollar nağd pul da daxil olmaqla rüşvət verən üç iş adamı sırasındadır və bu rüşvət onların biznes maraqlarının genişləndirilməsi məqsədini daşıyıb.
Hana şirkətinin əldə etdiyi monopoliya sayəsində Misirə ixrac edilən mal əti və qaraciyərin sertifikatlaşdırılması sahəsindən bir neçə digər şirkəti sıxışdırıb çıxarıb. Üstəlik, bu, 2019-cu ilin mayında bir neçə gün ərzində baş verib və qeyri-adi dərəcədə sürətli bir keçid olub.
"Biz dərhal hərəkətə keçdik", - deyə keçmiş məmur bildirib.
O, Misir rəsmilərini əvvəllər heç vaxt sertifikat almamış bir şirkətə monopoliya verilməsini yenidən nəzərdən keçirməyə məcbur etmək üçün tətbiq edilən bir sıra tədbirlərdən danışıb. Məmurun sözlərinə görə, bu cəhdlər uğursuzluqla nəticələnib.
Misir səlahiyyətliləri ilə yazışmalarda Ted Makkinni Misirin seçimini qiymətlərin bahalaşmasına gətirib çıxaracaq "olduqca əzazil qərar" adlandırıb. Onun sözlərinə görə, Menendes 2019-cu ilin may ayının sonlarında ona zəng edib və seçicisinin işlərinə qarışmamasını tapşırıb. Menendes ona geri çəkilməsini söyləyib.
Makkinninin sözlərinə görə, o, senatora başa salmağa çalışıb ki, ABŞ niyə bir deyil, 1-dən çox sertifikatlaşdırma şirkətindən istifadə etməyə üstünlük verir. Lakin Menendes "çox ciddi" səs tonu ilə onun sözünü kəsərək yarıda qoyub.
Ted Makkinni Menendesin o vaxt Senatın Xarici Əlaqələr Komitəsində nüfuzlu sədr postunu tutduğunu bilirdi. Məmur departamentin əməkdaşlarına və Misir diplomatlarına göstəriş verib ki, Misirin niyə siyasətini qəfil dəyişdiyi barədə məlumat toplasınlar.
"Biz ehtimal edirdik ki, qeyri-qanuni nəsə baş verir", - deyə o bildirib.
Ted Makkinni qeyd edib ki, narahatlıqlarını müzakirə etmək üçün ikinci dəfə senatorla əlaqə saxlamağa hazırlaşdığı zaman öyrənib ki, Federal Təhqiqatlar Bürosu (FTB) Misirə ixrac edilən ətin sertifikatlaşdırılmasının necə bir şirkətin əlinə keçdiyi barədə araşdırma aparır. Onun sözlərinə görə, öz departamentinin əməkdaşlarına və xaricdəki diplomatlara öz araşdırmalarından geri çəkilmələri barədə xəbərdarlıq edib.
"Bu, indi FTB-nin əlindədir", - deyə Makkinni əlavə edib.
Qeyd edək ki, Nyu-York ştatının Federal Məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə xarici agent kimi işləməkdə təqsirləndirilən senator Robert Menendesə qarşı səs-küylü cinayət işi üzrə məhkəmə prosesinin iyulun əvvəlində sonlanması nəzərdə tutulur.
Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendes illər ərzində müxtəlif maddələr üzrə rüşvətdə ittiham olunur və əgər bütün maddələr üzrə ittiham irəli sürülərsə, onu 45 ilə qədər həbs gözləyir.