"Budapeşt Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün məkan ola bilər".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto "İrəvan dialoqu" Beynəlxalq Forumu çərçivəsində keçirilən "Qarşılıqlı bağlılığın geosiyasəti: Rəqabətdən əməkdaşlığa" adlı panel müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, müharibələr heç vaxt döyüş meydanında bitmir, danışıqlar masası arxasında bitir.
Siyartonun fikrincə, Macarıstan Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında mühüm rol oynaya bilər.
"Biz bu münaqişənin hər iki tərəfi ilə danışıqlar apara biləcək vəziyyətdəyik" , - deyə nazir bildirib.
O, Ermənistan və Macarıstan arasında iki il əvvəl diplomatik münasibətlərin bərpa olunduğunu xatırladıb və o vaxtdan bəri baş verən dəyişiklikləri diqqətə çatdırıb.
"Biz burada, İrəvanda səfirliyimizi açırıq. Ermənistan isə Budapeştdə öz səfirliyini açır" , - deyə əlavə edib.
"Bu arada bizim Azərbaycanla strateji əməkdaşlığımız, enerji, neft və qaz sahələrində strateji əməkdaşlığımız mövcuddur. Bu, bizi iki ölkə arasında sülh sazişinin yekunlaşması prosesinə kömək edə biləcəyimiz mövqeyə qoyur. Mənim hər iki tərəflə bu yaxınlarda apardığım danışıqlarda belə bir variant nəzərdən keçirildi ki, Budapeşt sülh sazişinin imzalandığı yerə çevrilə bilər. Sülhsevər bir ölkənin sülhsevər paytaxtında sülh müqaviləsinin imzalanması: bu, bizim təmin edə biləcəyimiz instrumental yardımdır", - deyə Peter Siyarto qeyd edib.