Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Makron Fransası beynəlxalq hüququ pozmaqda israrlıdır: Niyə Avropa Korsikaya missiya göndərmir?
Fransada beynəlxalq hüquq və normaların pozulması adi hala çevrilib. Dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən rəsmi Paris bu tarixi xəttə sadiq qalır. Ən çox hüququ pozulan yerlərdən biri də Korsikadır.
Fransa məhkəməsi Aralıq dənizindəki adanın yerli məclislərində Korsika dilinin istifadəsini qadağan edib ki, bu da onun müstəqillik hərəkatına zərbədir. Marsel İnzibati Apellyasiya Məhkəməsinin qərarında deyilir ki, ölkənin məclislərində fransız dilindən başqa hər hansı bir dilin istifadəsi konstitusiya ilə qadağandır.
Məhkəmə 1958-ci il Fransa konstitusiyasından sitat gətirərək bildirib:
"Respublikanın dili fransızcadır və dövlət qulluğunda olan hər kəs tərəfindən istifadə edilməlidir".
Fransada hələ də Korsika, Elzas, bask, Breton və digərləri daxil olmaqla onlarla regional dildə danışılır. İnqilabdan bəri Fransa hökumətləri bu dilləri məhdudlaşdırmağa çalışıblar, çünki onların Parisdən daha çox siyasi muxtariyyət istəyinə səbəb olduğu düşünülüb.
Keçən həftə Prezident Emmanuel Makron "regional dillərin milləti bölmək üçün alət olduğunu" bəyan edib.
Korsika İcraiyyə Şurasının prezidenti Jil Simeon və Məclisin sədri Mari-Antuanetta Mopertyui məhkəmənin qərarının əsas dil hüquqlarını qoruyan Avropa və beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Onlar öz xeyirlərinə Avropa İttifaqı yurisdiksiyasını səfərbər etməyə ümid edir və Korsika dilinə rəsmi status vermək üçün Fransa konstitusiyasının yenidən nəzərdən keçirilməsini tələb edirlər.
Korsikalılar öz dillərində danışmaq istəyirlər, lakin fransızlar tərəfindən buna icazə verilmir. Fransa korsikalıların bu davranışını özünə zidd hesab edir. Korsika dilində 150 min insan danışır. Burada ingilis dilində təhsil almağa icazə verilir, lakin Korsika dilinə icazə yoxdur.
Ümumiyyətlə, korsikalılarla Parisdəki mərkəzi hökumət arasındakı münasibətlər mürəkkəb və bəzən zorakı olub. 1998-ci ildə Fransanın Korsikadakı nümayəndəsi, prefekt Klod Erinyak küçədə güllələnib. Bu qətldə təqsirli bilinən İvan Kolonna 2022-ci ildə həbsxanada vəhşicəsinə hücuma məruz qalıb və sonradan aldığı xəsarətlərdən ölüb.
Bir məsələni də qeyd edək ki, Fransanın Korsikada yol verdiyi qanunsuzluqlar dəfələrlə Bakıda keçirilən beynəlxalq konfranslarda da qeyd edilib. Məsələn, Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları məsələsini bir neçə dəfə qaldırıb. Bildirilib ki, bu, Avropa dəyərlərinin və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Qeyd olunub ki, Fransa hökuməti bu məsələni həll etmək əvəzinə, dünyanın bir çox yerlərində dövlətlərin işinə qarışır, o cümlədən Qarabağdakı keçmiş separatçılara dəstək nümayişi ilə məşğul olur. Bu, Fransa Respublikasının azadlıq və qardaşlıq prinsiplərinin pozulmasıdır.
Korsika dilinin qadağan edilməsinə gəldikdə, bu, Fransanın təcavüzünün daha bir bariz göstəricisidir. Yuxarıda qeyd olunan qərar təkcə korsikalılarda deyil, beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında da haqlı etirazlara səbəb olub. Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi çıxış edir. Fransanın milli azlıqlara qarşı əsas prinsipləri pozması, bu istiqamətdə cinayətlərin törədilməsi geniş vüsət alıb. Korsika məsələsi məhz bu yöndə həyəcan təbilidir.
Fransanın Korsikadakı dövlət müəssisələrində yerli dilin qadağan edilməsi ilə bağlı qərarı insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Çünki korsikalılar fransız deyillər, onlar fərqli dilə, fərqli mədəniyyətə malikdirlər. Görünən odur ki, Fransa dövləti Korsikanı koloniya kimi idarə etməkdə qətiyyətlidir. Qərar Parisin radikal-milliyyətçi simasını ortaya çıxarır və bu, açıq şəkildə nümayiş olunur.
Ümumiyyətlə, Korsika dilinə fransız dili ilə eyni statusun verilməsi çağırışına görə Fransada siyasi məhbusa çevrilmiş fəallar kifayət qədərdir. Məsələn, İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda onlarla insanın xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaradıb.
Xatırladaq ki, Korsika əhalisinin kökünün kəsilməsi ilə əlaqəli Fransanın bir çox kolonist qərarı olub. XVIII əsrdə Korsika adasının işğal edilməsi nəticəsində bu ərazilər Fransanın 24-cü vilayətinə çevrilib. Bununla belə, Korsika xalqının əhəmiyyətli hissəsi heç vaxt özünü fransız kimi hiss etməyib və bu günə qədər Fransanın hökmranlığına qarşı üsyanlarını davam etdirir.
Əslində, ada 1793-94-cü illər arasında İngiltərə tərəfindən işğal edilib. Daha sonra İtaliya tərəfindən işğal olunub, 10 il sonra yenidən Fransa imperiyası tərəfindən zəbt olunub. 19-cu əsrin sonlarından italyan dilinə yaxın olan Korsika dilində canlanma baş verib. Lakin Fransanın bir vilayəti sayılan Korsikada hökumətin təzyiqləri səbəbindən fransız dilindən başqa dil istifadə etmək məhdudlaşdırılıb.
Müasir dönəmdə də Fransanın Korsika adasında etnik, dini zorakılığı davam etdirilir. Lakin adada və regionda hakim olan Fransaya qarşı bir çox ölkə həqiqətləri açıqlamağa çəkinir. Məsələn, Avropa və onun strukturları Korsikaya niyə faktaraşdırıcı missiya göndərmir? Burada Fransanın ada xalqına qarşı törətdiyi etnik və dini zorakılıq niyə araşdırılmır?
Şübhəsiz ki, bunlar qərəz və ikili yanaşmaların nəticəsidir.
"Report" İnformasiya Agentliyi
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Cina Valderrama: "Qlobal Şimalın ayıracağı milyardlar, sadəcə, qırıntılardır"
- Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu
- Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar
- Hulusi Kılıç: "Jozep Borrel Azərbaycana qarşı təbliğata görə cavab verməlidir"
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı