"Ömrümün ən gözəl çağında, 28 yaşında çıxdığım torpağa ahıl vaxtımda, 61 yaşımda qayıdıram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Hüsniyyə Hüseynova deyib.
O qeyd edib ki, bu gün ailəsi ilə öz yurduna qayıdır:
"Mən əslən Şuşadanam. Amma yoldaşım laçınlıdır. Bu gün Laçınımıza həyat yoldaşım və qızımla qayıdıram.
Sevincimi sözlə, cümlə ilə ifadə etməkdə çətinlik çəkirəm. Allah bütün keçmiş məcburi köçkünlərimizə, yurd həsrəti çəkən qardaş-bacılarımıza bu hissi yaşamağı nəsib eləsin.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 18 ailə (59 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailənin (2 090 nəfərin) daimi məskunlaşması təmin edilib.