"Yenidən 27 sentyabr tarixinə yaxınlaşdıqca, Azərbaycanın qazandığı tarixi zəfərin əldə olunması faktorları yada düşür. Şübhəsiz ki, qələbədən danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bir komandan kimi ordunu idarə etdi və xalqın öz lideri ətrafında sıx birləşməsi qələbəmizdə müstəsna rol oynadı".
Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci il sentyabrın 27-ə qədər uzun bir yol qət etmişdi:
"Əvvəlcə ulu öndər Heydər Əliyevin regional balanslı strategiyası, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, Qarabağla bağlı danışıqlarda ərazi bütövlüyü və suverenlik prinsipinin ön plana çıxarılması, ardınca isə layiqli siyasi varis hesab olunan Prezident İlham Əliyevin bu qələbənin əldə olunmasında xüsusi xidmətləri qeyd olunmalıdır. Prezident İlham Əliyevin siyasi zəkası, səriştəsi və prinsipiallığı tarixi qələbədə önəmli bir amildir. Vətən müharibəsi dövründə də dəfələrlə müxtəlif geosiyasi mərkəzlərdən zənglər olsa da, müxtəlif çağırışlar səslənsə də, Prezident öz yolundan dönmədi, Ermənistan və onun havadarlarına ərazilərimizi tərk etməklə bağlı şərtlərini irəli sürdü və nəticədə Ermənistan kapitulyasiya aktına imza atdı".
"Azərbaycan neft-qaz strategiyasını da uğurla icra etdi və bu strategiya ölkəmizə böyük qələbələr gətirdi. Azərbaycana daxil olan valyuta ordunun güclənməsinə, ölkədəki hüquqi islahatlara zəmin yaratdı və ən önəmli amil hesab olunan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi icra olundu. Məhz Azərbaycan gəncləri Qarabağı işğaldan azad etdilər. Bu gün Qarabağın yenidən qurulması, Şərqi Zəngəzurun inkişaf etdirilməsi, bölgənin xüsusi inkişaf strategiyası icra olunur. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar və əlbəttə ki, Azərbaycanın tarixi qələbəsi böyük bir coğrafiyada yenilənməyə gətirib çıxarıb və çıxarmaqda davam edir. Buna nümunə olaraq Türk Dövlətləri Təşkilatının yeni inkişaf mərhələsinə qədəm qoymasını, postsovet məkanında bir sıra dəyişikliklər edilməsini, regional və qlobal müstəvidə Azərbaycana olan inam və etibarın artmasını, ölkəmizin önəmli geosiyasi subyekt kimi qəbul edilməsini göstərə bilərik. Hazırda da bütün istiqamətlər üzrə genişmiqyaslı işlər aparılır və xalqımızın əzmkarlığını bütün dünya görür. Bu gün isə bölgədə yaranan yeni geosiyasi konfiqurasiyanı bütün əsas güc mərkəzləri qəbul edir və hesablaşırlar", - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib