Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimində "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə "Caspian Energy" jurnalının yubiley nüsxəsini təqdim edib.
"Caspian Energy Club"dan AZƏRTAC-a verilən məlumata görə, ölkə başçısına şirkətin və "Caspian Energy International Media Group"un fəaliyyəti və gələcək planları barədə məlumat verilib.
"Eyni zamanda, sentyabr ayında işıq üzü görəcək "Əsrin müqaviləsi"nə həsr edilmiş növbəti buraxılış haqda məlumat çatdırılıb. Bu il "Caspian Energy International Media Group" üçün xüsusi önəm daşıyan tarixdir. "Caspian Energy" brendinin 25-ci ildönümüdür. Məhz 25 il öncə 1999-cu ildə "Caspian Energy" jurnalının ilk buraxılışı işıq üzü görüb. İldönümümüz ərəfəsində Prezident İlham Əliyevə "Caspian Energy" jurnalının yeni nüsxəsini təqdim etmək bizim üçün çox önəmlidir. Ümidvarıq ki, juranlda dərc edilmiş məqalə və müsahibələr Prezidentin diqqətini cəlb edərək marağına səbəb olacaq", - deyə "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev vurğulayıb.
O həmçinin əlavə edib ki, "Caspian Energy" jurnalının 120-ci buraxılışında OPEC-in Baş katibi Haysam Əl-Qaysın, İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayanın, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiyalar üzrə federal naziri Leonora Gevesslerin, Latviyanın iqlim və enerji naziri Kaspars Melnisin müsahibələri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məqaləsi dərc olunub.
"Caspian Energy" jurnalı dünyanın 70 ölkəsində oxunur. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur.
Müxtəlif hesablamalara görə, "Caspian Energy" jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.