Qərbi Azərbaycan İcması (QAİ) Niderland parlamentindən və hökumətindən qərəzli və yersiz addımlarına son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışını və regionda sülhü dəstəkləməyi tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə QAİ-nin Niderland Parlamentinin Nümayəndələr Palatasının mayın 23-də anti-Azərbaycan məzmunda qəbul etdiyi qətnaməyə qarşı yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, "Xristian İttifaqı" partiyası və "Xristian Demokratik Çağırış" partiyasının təşəbbüsü ilə qəbul edilmiş bədnam qətnamədə Azərbaycanın guya etnik təmizləmə aparması, mədəni irsə zərər vurması kimi əsassız ittihamlar irəli sürülür.
"Azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından qovulmasına, oradakı Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılmasına göz yummuş Niderland parlamentinin indi nümayiş etdirdiyi mövqe mahiyyətcə böhtan xarakteri daşıyır. Niderland hökumət üzvünün sözügedən qətnamə üzrə müzakirələr zamanı nümayiş etdirdiyi mövqe də təəssüf doğurur. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı müdaxilələri yolverilməzdir", - məlumatda vurğulanıb.