Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Xalq şairi Vahid Əziz olub.
O, anadan olduğu Dərələyəz mahalı Paşalı rayonu Herher kəndi haqqında danışıb.
Bildirib ki, səfalı təbiəti, axar çayı, göz yaşı kimi dupduru, qışda isti, yayda sərin bulağı ilə yaddaşında qalan doğma kəndini uşaq yaşlarında məcburən tərk edib.
Şairin sözlərinə görə, 1948-1953-cü ilin deportasiyasında ailəsi Paşalı rayonunun Herher kəndindən Azərbaycanın Tərtər rayonuna köçüb. Həmin vaxt uşaq olduğunu diqqətə çatdıran müsahib baş verənləri tam dərk edə bilmədiyini, amma Azərbaycana getdiklərinə görə böyük sevinc hissi yaşadığını vurğulayıb.
Herher barədə xatirələrini dilə gətirən V.Əziz Azərbaycanın bütün dilbər guşələri kimi doğma kəndinin də strateji əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki, İosif Stalinin ölümündən bir neçə il sonra müxtəlif vaxtlarda Herherə qayıtmaq, öz evlərinə baş çəkmək imkanı olub. Xalq şairi deyib ki, bu kəndi tamamilə viran qoyan, qəbiristanlıqları, tarixi abidələri dağıdan vəhşi xislətli daşnaklar Suriyadan köçürülən erməniləri azərbaycanlılara məxsus digər yaşayış məntəqələrində məskunlaşdırıblar.
V.Əziz sovetlər birliyi dönəmində Herherə və qonşu kəndlərə qayıdan ailələrin erməni millətçilərinin təzyiqlərinə, zorakılıqlarına məruz qaldıqlarını söyləyib. Deyib ki, kiçik dayısını və onun hamilə həyat yoldaşını xəstəxanada ermənilər öldürüblər. Həmin illərdə hər hansı səbəbdən xəstəxanaya müraciət edən azərbaycanlıların hər birinin başına faciə gətirilib.
Xalq şairi bildirib ki, didərgin düşəndə sınan ümidlər Qarabağ zəfərindən sonra yenidən dirçəlib. Vaxtilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızda doğma el-obaya qayıtmaq eşqi artıb. V.Əziz Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşünə, oradakı çıxışına da diqqət çəkib. Deyib ki, Azərbaycan Prezidentinin irəli sürdüyü ideya və təşəbbüslərə dəstək olmaq üçün hər bir azərbaycanlı səfərbər olmalı, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etməlidir.
Xalq şairi sonda vurğulayıb ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqları, rəsmi Bakının irəli sürdüyü şərtləri, haqlı mövqeyimizi Ermənistan siyasi rəhbərliyi qəbul etməli, soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə öz ata-baba yurdlarına qayıdışına şərait yaratmalıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan Xronikası: “Ermənilər dayımı və hamilə həyat yoldaşını xəstəxanada öldürdülər” - VİDEO