“Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işini davam etdirib.
“Report” xəbər verir ki, noyabrın 23-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında öz işini davam etdirən festival-konqresdə Qərbi Azərbaycana həsr olunmuş sərgiyə baxış olub. Sərgidə bu əzəli yurd yerimizə aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev, dövlət və ictimaiyyət xadimləri, media nümayəndələri sərgiyə baxıblar.
AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində çıxışı zamanı deyib: “Bu gün yaşadığımız qürurlu və sevincli günləri görmək üçün xalqımız 200 ildir ki, yaşadı, yaratdı, zəngin adət-ənənələrini qoruyub saxladı. Vətən müharibəsindəki parlaq qələbəmiz sayəsində bu günləri görmək bizə nəsib oldu. Bu formatda ilk tədbirin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev başda olmaqla Azərbaycana böyük şəxsiyyətlər bəxş edən Naxçıvan həm də həmin çətin günlərdə Qərbi azərbaycanlı soydaşlarımıza qucaq açıb. Təsadüfi deyil ki, deportasiyaya uğrayan Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb”.
Türkiyə Respublikasının Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran çıxışında Qərbi Azərbaycan torpaqlarının yüz illər boyunca azərbaycanlıların yaşadığı ərazilər olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Ermənistan tərəfindən zaman-zaman aparılan deportasiya siyasəti azərbaycanlıları öz torpaqlarından didərgin salıb, hüquqları tapdalanır: Bildirilib ki, bu gün “iki dövlət, bir millət, tək yumruq” müstəvisində bölgədə yeni bir güc yaranıb. Bu güc Qarabağ zəfərinə qovuşdurdu. Əminik ki, yeni reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın da hüququnu bərpa edəcək, onlar öz doğma yurdlarına dönəcəklər.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması Qarabağ Zəfərindən sonra mühüm mərhələ təşkil edir. İcmanın ötən dövrdəki fəaliyyəti, verilən bəyanatlar, görülən tədbirlər Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurduna qayıtmasına böyük hüquqi və təşkilati dəstək kimi diqqətəlayiqdir.
Türkiyənin Qazi Universitetinin rektoru, professor Musa Yıldız, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, professor Aygün Attar festivalda çıxış ediblər. Çıxışlarda festivalın işi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına elmi yanaşma kimi yüksək qiymətləndirilib.
Tədbir bədii hissə ilə davam edib.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işini davam etdirib.“Report” xəbər verir ki, noyabrın 23-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında öz işi...
10:50
Ölkə prezidenti İlham Əliyevin doğma yurdlarından didərgin düşmüş, Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətinə elmi əsaslarla dəstək olmaq, həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq məqsədilə Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir.
“Report” xəbər verir ki, festival-konqres iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Muzeyinə gələn qonaqlar ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.
Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alıb. Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gələcəklər, ilk görüşləri keçiriləcək.
Məlumat üçün bildirək ki, konsert proqramında Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Məmmədova ilk dəfə olaraq Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İrəvan” və “Naxçıvan” şikəstələrini ifa edəcək.
Festivalda “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunacaq. İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarükü yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunacaq.
Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalaya səfərləri təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunmuş “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın layihə rəhbəri olduğu “Yada daşı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə hazırlanan ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev olan “Nəsil ağacı” sənədli filmləri nümayiş etdiriləcək.
Festivalda, həmçinin, Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənəcək.