"Dövlətimizin ictimai-siyasi həyatında mühüm hadisə olan Milli Məclisə seçki, öz növbəsində, media gündəminin də aparıcı mövzusuna çevrilib və ölkəmizin siyasi mühiti üçün xarakterik olan demokratik və şəffaf seçkinin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkar funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb".
Oxu.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkidə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, maarifləndirici əhəmiyyət daşıyan silsilə tədbirlər çərçivəsində iştirakçılara seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə ətraflı məlumat verilib:
"Bu müşavirədən sonra da seçki prosesini işıqlandıran media subyektlərinin təmsilçiləri üçün yeni təlim və seminarlarımız olacaq. Qeyd edək ki, maarifləndirici tədbirlərimiz davamlı xarakter daşıyır və seçkinin mediada işıqlandırılması prosesini operativ izləmək üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən monitorinq həyata keçirilir.
Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq".
Mərahim Nəsib