Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü davam edir, böyük insan iztirablarına və dağıntılarına səbəb olmaqla yanaşı, bütün dünya üçün qlobal risklər və təhdidlər yaradır. Rusiya BMT Nizamnaməsinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini nümayiş etdirməkdə davam edir.
Bu barədə Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Yuriy Husyevin Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə müəllif məqaləsində məlumat verilib.
Müasir dünya iki fəlsəfi paradiqma arasında bölünüb. Ukrayna kimi demokratik və sivil dövlətlər üçün ictimai inkişafın yalnız bir həqiqi yolu var - o, qanunun gücüdür. Müstəmləkə-imperialist keçmişdə yaşayan və SSRİ-nin dağılmasının XX əsrin ən böyük geosiyasi fəlakəti hesab edən dövlətlər güc hüququ prinsipini bəyan edirlər.
Tarix keçmişin diktatorlarının müstəqil xalqları zorla ələ keçirməyə çalışdığı bir çox halları bilir. Həmin hadisələr necə bitdi? Milyonlarla ölü, on milyonlarla yaralı, dağıdılan şəhər və kəndlər. Amma qanunun qüvvəsinin sonda qalib gələcəyinə sönməyən ümid, sarsılmaz inam var idi. Hamımız bilirik ki, baş verənlər məhz belə olub: bəşəriyyətə qarşı cinayətlərdə günahkar olanlar qaçılmaz cəzanı çəkiblər.
Bu gün hamımız başa düşürük ki: Rusiyanın Ukraynaya qarşı müharibəsi daha çox regional deyil, sivilizasiya qarşıdurmasıdır. Demokratik Ukrayna müstəqil Ukrayna xalqı kimi mövcud olmaq hüququnu rədd edən avtoritar rejim tərəfindən təcəssüm etdirilən rus neokolonializminə qarşı müstəqillik uğrunda müharibə aparır. Ukrayna bütün demokratik dünyanı qanunun aliliyinə əsaslanan mövcud dünya nizamının revizionizm cəhdlərindən qoruyur. Əvəzində Rusiya güc hüququ prinsipini tətbiq etməklə qüvvələr balansını dəyişməyə çalışır.
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə təcavüzkar tərəfindən insan hüquqlarının geniş miqyasda pozulması, şəhər və kəndlərin dağıdılması, dinc əhali arasında çoxsaylı qurbanlar, işgəncələr, minlərlə ukraynalı uşağın qanunsuz deportasiyası və didərgin salınması ilə müşayiət olunur.
Hərbi əməliyyatların nəticələri, kənd təsərrüfatı və nəqliyyat infrastrukturunun atəşə tutulması, Ukraynanın Qara dəniz limanlarının bağlanması, Ukraynanın Qara və Azov dənizlərindəki limanlarının işğalı, ətraf mühitə qarşı cinayətlər dünyada qlobal ərzaq böhranı təhlükəsi yaradır. Rusiyanın nüvə təhdidləri və şantajı, eləcə də müvəqqəti işğal olunmuş Zaporijjya AES-in hərbiləşdirilməsi qlobal fəlakəti təhrik edir.
Rusiyanın Ukraynaya təcavüzü "Pandora qutusu"nu açıb ki, bu da dünyanın müxtəlif regionlarında çoxsaylı münaqişələrin eskalasiyasına səbəb ola bilər.
Bunun baş verməməsi üçün Ukrayna dünyada ədalətli sülhün təmin edilməsi üçün effektiv mexanizm olan Ukrayna Prezidenti Volodımır Zelenskının Sülh Formulasını təklif etdi.
Bu mexanizmin implementasiya komponenti iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində keçiriləcək Ukrayna üzrə Sülh Sammitidir.
Bu Sammit azad dünya liderlərinin sülh prosesi ilə bağlı fikirlərini bölüşə biləcəkləri və yüksək səviyyədə qurulmuş dünya nizamını bərpa etməli olan ümumi sülh çərçivəsinin hazırlanmasına siyasi başlanğıc verəcəkləri platforma olacaq.
Sammitin məqsədi ən mühüm prinsipləri təsdiqləməkdir. Məsələn: nüvə silahından istifadənin yolverilməzliyi və nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi; dünyada ərzaq təhlükəsizliyinin mühüm elementi kimi Qara və Azov dənizlərində sərbəst naviqasiyanın təmin edilməsi; humanitar məsələlərin həlli zərurəti - əsirlərin dəyişdirilməsi və qeyri-qanuni həbs edilmiş, deportasiya edilmiş və məcburi köçkünlərin, o cümlədən uşaqların Ukraynaya qaytarılması. Hansı sivil dövlət bu prinsiplərə qarşı çıxacaq? Əminəm ki, dünya bütün bəşəriyyəti təhdid edən bu çağırışlar ətrafında birləşməlidir.
Qlobal Sülh Sammiti dövlətlərin suverenliyinə, müstəqilliyinə, birliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiqliyini; BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsipləri əsasında Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülhün bərpa edilməsi zərurətini bir daha təsdiq etməlidir. Bu, həqiqətən vacibdir. Həm də təkcə Ukrayna üçün deyil. Dünya birliyi Sammitdə iştirak etməlidir. Ukrayna üçün ədalətli sülhün bərpasında dünya indi nə qədər fəal olarsa, dünyanın digər ölkələrinin də oxşar təcavüzlərin qurbanı olmama ehtimalı bir o qədər yüksəkdir.
Dünyanın necə təşkil olunduğunu kobud güc yox, BMT Nizamnaməsi müəyyən etməlidir və biz birlik içində təcavüzkarı beynəlxalq hüququ tanımağa məcbur edə bilərik. Ona görə də hər bir dövlətin səsi önəmlidir.
Mayın 28-də Azərbaycan Respublikası Müstəqillik gününü qeyd edir. Ukrayna Prezidenti Volodımır Zelenskıy Azərbaycan Prezidenti İlham Əliyevi bu bayram münasibətilə aşağıdakı sözlərlə təbrik edib:
"Bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarır. Rusiya Federasiyasının səbəbsiz silahlı təcavüzünə qarşı durmağa məcbur olan Ukrayna da buna can atır.
Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməsi son dərəcə vacibdir. Fürsətdən istifadə edərək, Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə Sizə, cənab Prezident, və Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə Ukrayna-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsinə töhfə verən şəxsi konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm. Ona görə də mən Sizin cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitində şəxsi iştirakınıza, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formulasına fəal şəkildə qoşulacağına ümid edirəm". Həmçinin Volodımır Zelenskıy İlham Əliyevə möhkəm cansağlığı, məsuliyyətli dövlət fəaliyyətində yeni nailiyyətlər, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin komandası təbriklərə qoşulur və ali rəhbərliyə və bütün qardaş Azərbaycan xalqına uğurlar, çiçəklənmə, iqtisadi yüksəliş və hər şeydən əvvəl sülh arzulayır.