Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il müharibəsi zamanı "Ermənistana yardım imitasiyası" haqqında danışarkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı ölkələrini nəzərdə tutması ilə maraqlanıb.
Brifinqdə News.ru-nun müxbirinin müvafiq sualını cavablandıran diplomat bildirib ki, bu dövlətlərin adlarını çəkmək məntiqli olardı, çünki söhbət ciddi ittihamlardan gedir.
"...sevgilim, sevgilim, özün tap..." sözləri olan mahnı yadıma düşür. Mənə maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan hansı ölkələrdən danışırdı? Söhbət belə ciddi bəyanatlardan gedirsə, adı açıqlamaq tamamilə məntiqli olardı. Rusiya əlindən gələni etdi ki, Ermənistan özünü tərk edilmiş və unudulmuş hiss etməsin", - deyə Zaxarova bildirib.
O, həmçinin xatırladıb ki, Qarabağda ikinci müharibənin başa çatması ehtimalı 2020-ci ilin oktyabrında olub. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev o zaman rusiyalı həmkarı Vladimir Putinin təklifləri ilə razılaşıb.
Lakin Ermənistanın baş naziri hərbi əməliyyatları davam etdirməyə üstünlük verib. Bunun nəyə gətirib çıxardığını hamı bilir", - Zaxarova qeyd edib.
Xatırladaq ki, Paşinyan daha əvvəl bəyan etmişdi ki, KTMT üzvü olan ölkələr 2020-ci ildə Qarabağda baş verən hərbi toqquşmalar zamanı Azərbaycana kömək ediblər. Onun sözlərinə görə, söhbət iki dövlətdən gedir. Lakin Ermənistan hökumətinin başçısı bu ölkələrin adlarını çəkməyib.
Ermənistan KTMT-nin 2024-cü il üçün illik büdcəsinin təsdiqində və təşkilatın maliyyələşdirilməsində iştirakdan imtina etdiyini bildirmişdi. Respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, İrəvan məhdud formatda belə bir qərarın qəbuluna etiraz etmir.
Zaxarova Paşinyanın ittihamlarına mahnı sözləri ilə cavab verdi