Həcc ziyarəti - Məkkəni (Məscidül-Həram) və Ərəfat dağı, Müzdəlifə və Mina vadilərini ziyarət etməklə əlaqəli həccdir. İslamda həcc, şəhadətdən, namazdan, zəkatdan və orucdan sonra beşinci rüknüdür. Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün qiymətləri açıqlayıb.
İdarənin yaydığı məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 min 850 ABŞ dolları təşkil edir: "Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək". Bu, 2023-cü ildə Həcc ziyarəti qiyməti ilə müqayisədə 100 dolar çoxdur. Ötən il bir nəfərlik ziyarət paketinin qiyməti 5 min 750 dollar təşkil edirdi. Ümumiyyətlə, son beş ildə ziyarətin qiyməti 1 min 300 dollardan çox artıb.
Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır.
Ziyarət üçün tələb olunan sənədlər aşağıdakılardır:
1. Ümumvətəndaş pasportu;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Koronavirus pandemiyası səbəbindən 2020-2021-ci illərdə Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Vida həcci - Peyğəmbər Məhəmmədin ömrünün son ilində yerinə yetirdiyi yeganə həccdir. Bu, hicrətin 10-cu ilində zülhiccə ayında baş vermişdir.
Hər il iki milyondan çox insan bu vacib ruhi səyahəti etmək üçün Məkkəyə gedir.