"Xaricdə təhsil üzrə Dövlət Proqramı" teqi üzrə xəbərlər
Xaricdə təhsil üzrə Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsilinin maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
Xaricdə təhsil üzrə Dövlət Proqramı iştirakçılarının xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsi üzrə təhsili Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti, beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.
Xaricdə təhsil üzrə Dövlət Proqramı iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və proqram iştirakçısı arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir.
Xaricdə təhsil üzrə Dövlət Proqramı iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.